Azərbaycanda neçə “Xalq” və “Əməkdar” fəxri adı daşıyan var?

MƏDƏNİYYƏT
13:45 / 24.07.2024
633

Xalq artisti Ağadadaş Ağayevlə bağlı qalmaqal ictimai rezonans doğurub və fəxri adlar məsələni yenidən gündəmə gətirib.

Sosial şəbələkələrdəki müzakirələrdə bir çoxları “Xalq artisti” fəxri adının ləğv edilməsini istəyirlər. Əksəriyyət hesab edir ki, keçmiş SSRİ-dən miras qalan “Xalq artisti” və “Əməkdar artist” titulları sənətçilər arasında ayrı-seçkilik yaradır.

Modern.az saytı mövzunun aktuallığını nəzərə alaraq “Xalq artisti” adı ilə bağlı kiçik bir araşdırma aparıb: sonuncu dəfə kimə verilib, hazırda bu fəxri titullara görə ayda nə qədər pul ödənilir?
 
Azərbaycanda sonuncu dəfə “Xalq artisti” fəxri adı bir neçə gün öncə - 22 iyul 2024-cü il tarixində bir nəfərə verilib - bu titula Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə özbək müğənni Fərrux Kərimoviç Zakirov layiq görülüb.

Fərrux Zakirov Azərbaycanda da tanınan məşhur “Yalla” qrupunun rəhbəridir.

“Əməkdar artist” fəxri adı isə sonuncu dəfə 2021-ci ilin martında iki nəfərə verilib: aktrisa Həcər Ağayevaya və aktyor Oleq Əmirbəyova.

Dövlət Statistika Komitəsindən əldə etdiyimiz məlumata görə, 2024-cü il aprelin 1-nə ümumilikdə 4832 nəfər “Xalq” və “Əməkdar” fəxri adlarına görə aylıq Prezident təqaüdü alır.

"Xalq" fəxri adına görə 254 nəfərə ayda 200 manat təqaüd ödənilir.

 4578  nəfər isə “Əməkdar” fəxri adına görə ayda 150 manat təqaüd alır.
 
Hazırda Azərbaycan Respublikasında aşağıdakı fəxri adlar var:

Xalq yazıçısı;
Xalq şairi;
Xalq artisti;
Xalq rəssamı;
Əməkdar elm xadimi;
Əməkdar incəsənət xadimi;
Əməkdar artist;
Əməkdar rəssam;
Əməkdar mədəniyyət işçisi;
Əməkdar müəllim;
Əməkdar həkim;
Əməkdar memar;
Əməkdar dövlət qulluqçusu;
Əməkdar bədən tərbiyəsi və idman xadimi;
Əməkdar jurnalist;
Əməkdar mühəndis;
Əməkdar hüquqşünas;
Əməkdar kənd təsərrüfatı işçisi;
Əməkdar pilot;
Əməkdar tibb işçisi. 
 

0