Ölkəmizdə asfaltlar nə üçün tez sıradan çıxır? - Ekspert SƏBƏBLƏRİ SIRALADI

İQTİSADİYYAT
14:22 / 24.07.2024
426

"Təəssüflər olsun ki, Azərbaycanda asfaltlar tez sıradan çıxır".

Bu sözləri nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, hər hansısa bir yol infrastrukturunun qurulmasında əsas problemlərdən biri asfalta qədər olan yol yatağının möhkəmliyinə ciddi nəzarət edilməməsidir:

"Asfalt çəkmək hər hansısa küçəni üzləməkdən ibarət deyil. Asfaltı vurarkən qrunt suları ilə mübarizə və digər bir sıra prosedur qaydalarına riayət etmək lazımdır. Üstəlik, asfalt və yol çəkmək dünyada ən bahalı mühəndislik qurğular sırasına aiddir".

354750

Mütəxəssis ölkəmizdə asfaltların tez sıradan çıxmasının səbəblərindən də bəhs edib:

"Əvvəla, vurulan asfaltın özü keyfiyyətsiz ola bilər. Həmçinin, yol yatağının işlənməsi keyfiyyətli aparılmaması da nöqsanlar sırasındadır. Bundan başqa, müəyyən qrunt sularının bir hissəyə yığılması, günəş, şaxta və digər təbiət hadisələrinin təsiri nəticəsində asfalt sıradan çıxa bilir. Məsələn, zəlzələ, sürüşmə, sel, uçqun və digər təbiət hadisələri asfalta təsir edən başlıca problemlərdir". 

Aslan Əsədov qeyd edib ki, insanların səhvləri də asfaltların zərər görməsinə gətirib çıxarır:

"Yolların layihələndirilməsində yaranan problemlər də asfaltların tez sıradan çıxmasına səbəb olur. İnsanların özləri də asfalta ziyan vura bilir. Məsələn, yollardakı asfalt kəsilərək oradan müxtəlif xətlər çəkilir, amma həmin asfalt bərpa olunmur. Ən yaxşı halda isə yüngül yamaq vururlar. Sonra isə həmin yamaq bütün yolu sıradan çıxarır. Yəni bütün nunlar hamısı bir-birilə əlaqəlidir".

Pərviz

0