Boşanmalar nə üçün adiləşib? - 3 SƏBƏB

SOSİAL
14:35 / 26.07.2024
748

"Evliliyi bir mübarizə adlandırmaq olar".

Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib. Onun sözlərinə görə, ailə xoşbəxt olmaq uğrunda mübarizədir:

"Həmçinin, evliliyi yoldaşı ilə birlikdə addımlamaq və həyatın məsuliyyətini birlikdə çəkmək mübarizəsi və mücadiləsi adlandıra bilərik. Amma təəssüflər olsun ki, bəzi insanlar bu mübarizəyə tab gətirə bilmirlər. Artıq bir çox ailədə xəyanət halları və söz-söhbətlər artıb. Bununla da mübarizə artıq fərqli müstəviyə keçib. Bura bir sözün böyüdülməsini və anlaşılmamağı da aid edə bilərik".

Psixoloq bildirib ki, əvvəllər ailə möhtəşəm mübarizə sayılırdı:

"Birlikdə ev, maşın almaq, uşaqları böyütmək və gözəl gələcəyə addımlamaq hədəfi var idi. İndi isə dava mübarizəsi yaşanır. Boşanmaların ən böyük səbəblərindən biri də kiçik söz-söhbətlərin böyüdülməsi və xəyanətlərin artmasıdır. 

Həmçinin, ailələrə kənardan müdaxilələri də qeyd etmək lazımdır. Təəssüfki indiki dövrümüzdə belə cütlüklərə, ailəyə kənardan çox müdaxilələr olur. Əvvəllər əsasən xanımlar bu müdaxilələrə qarşı dayanmağa çalışırdılar. Ancaq zaman keçdikcə bu müdaxilələri heç kim qəbullana bilmir. İstər istəməz kənardan müdaxilə böyük söz-söhbətə səbəb olur". 

354869

Onun fikrincə, sosial şəbəkələr də boşanmalara səbəb olur:

"Sosial şəbəkələr də saxta "xoşbəxtlik" anlayışı aşılanır. Əsasən də xanımlar sosial şəbəkələrdə gördükləri həyatı arzulayırlar. Onlar, sosial şəbəkələrdəki paylaşımları gördükdən sonra diqqətsiz və qayğısız qaldıqlarını anlayırlar. Nəticədə, ailələrdə söz-söhbətlər yaranmağa başlayır. Söz-söhbətlər olduqca da ailələrə kənardan müdaxilə olur. Bu isə boşanmalara gətirib çıxarır". 

Nabat Mirzəyeva vurğulayıb ki, ailə iki tərəfin tarazlığı altında olan bir yuvadır:

"Bu yolda hər iki tərəf qarşılıqlı addım atmalıdır. İnsanlar ailəyə fərqli cür yanaşırlar. Gənclər evlənəndə alınmasa boşanacaqlarını düşünürlər. Təəssüf ki, ailələr bu şəkildə qurulduğu üçün davamlı olmur. Düşünürəm ki, evlənmədən öncə ailə danışmanına müraciət olunmalıdır. Həmçinin, boşanma ərəfəsində də ailələrin dağılmaması üçün birlikdə mübarizə aparmalı və psixoloqa müraciət etməlidirlər".

Pərviz

1