"Azərbaycan klublarına avrokuboklarda olduqca münasib rəqiblər düşüb".
Bu sözləri tanınmış idman jurnalisti Natiq Muxtarlı Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, əslində klublarımızın ilk oyunları bizim üçün “qorxulu” rəqib sayılan komandalar əvvəlki keyfiyyətlərindən çox uzaqda olduqlarını göstərdi:
"Məsələn, elə Avropa Liqasında “Zirə”ni mübarizədən kənarlaşdıran “Şerif”i götürək. Bu, həmin “Şerif” deyildi. Amma “Zirə” futbolçusunun intizamsızlığı ucbatından mübarizəni dayandırdı. Əgər “Şerif” səddi keçilsəydi, “Zirə”nin ən azı Konfrans Liqasının qrup mərhələsində oynamaq şansı olardı. Amma indi durum bir qədər fərqlidir. “Sumqayıt”ın isə çox uzağa gedə bilməyəcəyi bəllidir. Bu komandanın heyəti avrokuboklarda mübarizə üçün yetərli deyil. Üstəlik, Sumqayıt təmsilçisini də pis vəziyyətə futbolçunun intizamsızlığı saldı".
Mütəxəssis qeyd edib ki, Azərbaycan klubları futbolçuları ilə ciddi söhbət etməlidirlər:
"Onlar elə bilirlər ki, Avrokubok oyunları da Azərbaycan çempionatıdır. Yox, elə deyil, avrokuboklarda hakimlər fərqlidirlər, onlar qəti güzəşt etmirlər, xüsusən də futbolçu dirsəklə oynayanda. Bu amillər futbolçulara oyunlardan əvvəl dönə-dönə xatırlanmalıydı. Görünür, nə “Zirə”də, nə də “Sumqayıt”da bunu futbolçulara deyən olmayıb.
Ümumiyyətlə, “Zirə”nin futbolçusunun o vəziyyətdə qırmızı vərəqə alması tam başqa mövzudur. Böyük ehtimalla, həmin futbolçunun psixoloji problemləri var. Yaxşı olardı ki, Rəşad Sadıqov onu psixoloq yanına aparsın. Yoxsa o futbolçu növbəti oyunlarda da “Zirə”yə problem yaradacaq".
Həmsöhbətimizin fikrincə, “Zirə” və “Sumqayıt”dan qrup mərhələsi gözləmək yersizdir:
"Çünki “Sumqayıt” heyət çatışmazlığına görə orada ola bilməz. “Zirə” isə bu şansı “Şerif”lə oyunda özü əldən verdi.
Amma “Qarabağ”ın qrupda olacağı şəksizdir. Güman edirəm ki, komanda ən azı Avropa Liqasının qrupunda mübarizə aparacaq".
Natiq Muxtarlı "Sabah"ın şanslarını isə belə dəyərləndirib:
"İlk oyuna rəğmən iddia edə bilərik ki, “Sabah”ın böyük şansı var. Bu komanda olduqca intizamlı, yaradıcı və cəsarətli oyun nümayiş etdirdi. “Sabah” “Makkabi” ilə oyun ilk hissəsində rəqibi oxudu, öyrəndi və ikinci hissədə sarsıdıcı zərbəni vurdu. “Sabah” oyununu bir qədər də təkmilləşdirsə, Konfrans Liqasının qrupunda olacaq. Ora vəsiqə qazanan komandaların əksəriyyətinin oyun keyfiyyəti “Sabah”ın “Makkabi” ilə qarşılaşmada sərgilədiyi keyfiyyətdən yüksək deyil, bunu əminliklə iddia edirəm. Amma bu oyun keyfiyyətini qorumaq, daha da inkişaf etdirmək lazımdır.
Avrokuboklarda komandalarımız nə qədər uğurlu olsa, Azərbaycan çempionatında da bir o qədər rəqabət olar. “Qarabağ”a əlcək ata biləcək komandaların sayı artmalıdır. Belə olsa, milli komandada da inkişaf olacaq".
Pərviz