Boşanmalar və qətllərlə qırmızıya boyanmış ailə modelimiz - Biz niyə belə olduq?

SOSİAL
20:37 / 30.07.2024
590

Statistikaya görə, Azərbaycanda qurulan hər 10 ailədən yarısı, bəzən yarıdan çox boşanma ilə nəticələnir. Son illər boşanmaların böyük əksəriyyəti evliliyin ilk 3 ilində baş tutur. Ölkədə xəsarətlər, qətllər və intiharlarla müşayiət olunan ailədaxili və ictimai zəmində münaqişələr az qala kütləvi xarakter alır.

Bəs biz niyə belə olduq?

Hit.az-a açıqlama verən psixoloq Günel Camal bildirib ki, bu mənzərə mənəvi-psixoloji mühitin böhranından xəbər verir:

“İnkişaf etmiş ölkələrdə sosioloqların, psixoloqların verdikləri proqnoz və təhlillər nəzərə alınır. Ailə instutları çalışır və dövlətin bu yöndə təbliğat maşını işləyir.

Belə təhlillər aparılmasa, cəmiyyətin gələcək inkişafı təmin edilə bilməz.

Bu barədə ciddi düşünmək lazımdır.

Vəziyyəti kritik edən amillərdən biri də odur ki, diplom bolluğundan boğulan ölkə mütəxəssis qıtlığından əziyyət çəkir. Səbəbləri təhlil edib , acı nəticələri aradan qaldırmaq yollarının təklif edən yaxşı psixoloqların sayı çox azdır. Ailədə qalmaqallar əsasən iqtisadi böhran səbəbilə baş verir.

İnsanlar artıq başa düşməlidirlər ki, kapitalizm kapital dünyasıdır. Bu cərəyanın da öz qayda və qanunları var. O nöqteyi-nəzərdən gərək indi ailə quran cütlüklər bu addımı atmamışdan əvvəl daha dərin düşünməlidirlər. Oğlunu , qızını evləndirən, keçmiş sovet vətəndaşları olan ata-analar bunu anlamalı, dərk etməlidirlər. Dövr, tələblər, dünyanın gedişatı dəyişib", deyə psixoloq vurğulayıb.

Murad

0