İsrail - "Hizbullah" müharibəsinə doğru: "Müharibə an məsələsidir"

DÜNYA
17:04 / 30.07.2024
329

"İsrail ilə "Hizbullah" arasında hər an artan müharibə riski ilə Yaxın Şərqdə olan siyasi vəziyyət daha da mürəkkəb xarakter alıb". 

Bu sözləri Azərbaycan Yəhudi Media Mərkəzinin politoloqu Rüstəm Tağızadə Hit.az-a açıqlamasında deyib.

O, bu münaqişədəki İsrailin maraqlarına toxunub:

"İsrail "Hizbullah"ın öz şimal sərhədlərindən uzaqlaşmasını və təhlükəsizliyinə zidd olan məsələləri tam olaraq həll etmək istəyir. Digər tərəfdən, HƏMAS-la aparılan müharibədə İsrail böyük enerji sərf edir. "Hizbullah" ilə Həmas arasında ordunun gücünü müqayisə etdikdə görə bilərik ki, "Hizbullah"ın daha geniş arsenalı və döyüşçü sayı var".

355086

Ekspert İsrailin nə üçün "Hizbullah"la müharibəyə başlamaq istəməsi barədə də danışıb:

"İsrail ABŞ-də olan yəhudi lobbisinə çox inanır. Həmçinin, Yaxın Şərqin konyukturası Anqlo-Saks İttifaqının nəzarətindədir. Bu ittifaqın isə İsrail ilə əlaqələri yüksək səviyyədədir. Ona görə də İsrail rəsmiləri sərt ritorika ilə çıxış edirlər. 

Ümumiyyətlə, İsrail Yaxın Şərq regionunda İranın proksi qüvvələrini tamamilə məğlub etmək istəyir. Ancaq bu o qədər də asan deyil. Çünki İran son dövrlər ərzində proksi qüvvələrə çox dəstək verib. Bu dəstək fonunda İsrailə qarşı mübarizə də genişlənib. Bayden Adminstrasiyasının isə İsrailə dəstək vermədiyini də gördük. Düşünürəm ki, İsrail höküməti də bu səbəbdən Donald Trampın hakimiyyətə gəlməsini istəyir".

Politoloq mümkün İsrail - "Hizbullah" müharibəsinin hər an başlaya biləcəyini deyib:

"İsrailin "Hizbullah"la müharibəyə başlaması onun iqtisadiyyatına zərbə vuracaq. İsrailin güclü raket kompleksi olsa da "Hizbullah"ın da əlində raketləri var. Lakin İsrailə qarşı ərəb dünyasının birləşməsi real görünmür. Buna baxmayaraq, beynəlxalq aləmdə təzyiqlər olacaq. Hər halda, İsraili yaxın gələcək üçün böyük sınaq gözləyir. Düşünürəm ki, regional təhdid artdıqca İsrailə yeni müttəfiq lazım olacaq. "Hizbullah" və İsrail arasında müharibənin baş verməsi an məsələsi ola bilər. Təbii ki, bu proses uzana da bilər". 

Pərviz

0