"Donald Tramp ABŞ prezidenti seçiləcəyi təqdirdə, Rusiya-Ukrayna müharibəsini bitirəcəyi vəd edir. Amma bu, indiki vəziyyətdə inandırıcı görünmür".
Bu sözləri politoloq Rəşad Bayramov Hit.az-a açıqlamasında deyib.
O xatırladıb ki, Tramp dəfələrlə bu cür bəyanatlarla çıxış edib:
"Amma maraqlıdır ki, o, indiyə kimi Rusiya-Ukrayna müharibəsinin bitməsini hansı yolla təmin edəcəyi barədə bir cümlə belə deməyib. Nəzərə almaq lazımdır ki, bu gün Rusiya və Ukrayna müharibəsində qarşı-qarşıya dayanan tərəflərin hər hansısa biri mövqeyindən geri çəkiləcək addımlar atmaq istəmir.
Yəni Rusiya işğal etdiyi ərazilərin nəzarətində saxlanılması şərtilə sülh danışıqlarına başlamaq istəyir. Ukrayna tərəfi isə Rusiyanın işğal etdiyi bütün ərazilərdən çıxması ilə müharibənin bitməsini tələb edir. Təbii ki, burada Ukraynaya davamlı şəkildə Qərbdən verilən silah-sursat və hərbi texnika da öz sözünü deyir".
Ekspertin fikrincə, Donald Trampın ABŞ prezidenti seçiləcəyi halda, Rusiya-Ukrayna müharibəsinin birdən-birə dayanması mümkün deyil:
"Hətta ABŞ Ukraynaya silah-sursat yardımının dayandırılması barədə qərar qəbul etsə belə, Ukrayna hələ bir müddət də əlində olan imkanlarla müharibəyə davam edəcək.
Hərçənd ki, Trampın Ukraynaya yardımın dayandırması barədə qərar verməsi də asan məsələ deyil. Çünki bu gün Ukraynanın arxasından çəkilmək Rusiyanın işğal etmə ehtimalı olan Moldova və Şərqi Avropa ölkələrinin də Vaşinqtondan üz çevirərək Moskvaya yönəlməsinə gətirib çıxara bilər. Ayrı-ayrı dövlətlərin Qərb istiqamətində addımlar atmasının yavaşlaması isə ABŞ-nin maraqlarına cavab vermir".
Politoloqun sözlərinə görə, Ukrayna təkbaşına qalsa da müharibəyə davam edəcək:
"Çünki söhbət ölkənin ərazisindən gedir. Burada xaricdən hansısa dəstəyin verilib-verilməməsindən asılı olmayaraq müəyyən müddətdə də olsa ölkənin dirəniş göstərəcəyi aşkardır. Ona görə də Trampın müharibəni 24 saata dayandıracağı kimi çıxışlarına sadəcə seçkiqabağı kampaniyanın tərkib hissə kimi baxmaq lazımdır. Bu gün danışmaq və vəd vermək olduqca asandır, amma sabah real vəziyyətdə addımların atılması çox çətin olacaq".
Pərviz