Qırğızıstan gözləyir ki, Rusiyada əməkçi miqrantlar üçün mümkün məhdudiyyətlər onun vətəndaşlarına təsir etməyəcək.
HİT.az xəbər verir ki, bunu ölkənin baş nazirinin müavini Edil Baysalov bildirib.
O qeyd edib ki, əmək bazarına sərbəst və bərabər çıxış Rusiya, Qırğızıstan, Ermənistan, Belarus və Qazaxıstanın daxil olduğu Aİİ-nin əsas prinsipidir.
“Biz ondan çıxış edirik ki, Rusiya Federasiyasının Dövlət Dumasında müzakirə olunan əlavə və məhdudiyyətlər Qırğızıstan Respublikasının vətəndaşlarına şamil edilmir. Hər hansı başqa təfsir və vətəndaşlarımızı üçüncü ölkələrdən gələn miqrantlarla eyniləşdirdiyimiz halda, Aİİ-də iştirakın mənasını xalqımıza əsaslandırmaq bizim üçün çox çətin olacaq”, deyə Baysalov X-dəki səhifəsində yazıb.
İyulun 31-də Dövlət Dumasına miqrant işçilərin tibb və əczaçılıq, məktəb və məktəbəqədər təhsil sahələrində işləməsini qadağan etməyi təklif edən qanun layihəsi təqdim edilib. Əmək haqqı 100-120 min rubldan çox olduqda, əcnəbilərin kuryer işləməsinə də məhdudiyyət var. Təşəbbüsün müəllifləri “Ədalətli Rusiya – Həqiqət naminə” təşkilatının sədri Sergey Mironov və onun müavini Yana Lantratovadır.
Samir