Respublikaçılarla Demokratların əsas fərqləri nələrdir?

DÜNYA
11:05 / 07.08.2024
304

"Hal-hazırda ABŞ cəmiyyətində və siyasi mühitində çox böyük qütbləşmə var".

Bu sözləri politoloq Turab Rzayev Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, son 10 ildir görünən qütbləşmə ABŞ tarixində daha əvvəllər bu şəkildə müşahidə olunmayıb:

"Bir tərəfdə Respublikaçılar Partiyası, xüsusilə Donald Tramp xətti dayanır. Onlar, xarici siyasətdə Çinə qarşı çıxış edirlər, Rusiyaya isə daha loyal münasibət bəsləyirlər. Bu qruplaşma ABŞ-nin maraqlarını bütün dünyada üstün tutur. Hətta dünyadakı siyasi proseslər də veclərinə olmur.

Daha çox ABŞ-nin siyasi-iqtisadi maraqlarına əhəmiyyət verirlər. Həmçinin, onlara neft maqnatları və hərbi-sənaye kompleksi daha yaxındır. Bu qrup adətən ABŞ-dəki işçi sinifi tərəfindən dəstəklənir. Onları daha çox sağçı ştatlar dəstəkləyir". 

Ekspert qeyd edib ki, digər tərəfdə isə demokrat qanadı təmsil edən Kamala Harris var:

"Onların dəstəkçiləri daha çox liberallar və sol yönümlü şəxslərdir. Həmçinin, özlərini "yeni sol" adlandıran liberal blok da onları dəstəkləyir. Demokratlar Partiyası yenə də ABŞ-nin qlobal dünyanın lideri olduğunu düşünür. Onların fikrincə, ABŞ hələ də dünyanın liberal cəbhəsinə rəhhərlik etməlidir. Eyni zamanda, rəsmi Vaşinqtonun bütün dünyadakı ictimai-siyasi proseslərə qarışdığı xətt izləyirlər. Demokratlar Partiyasını daha çox iqlim fəalları, yaşıl enerji şirkətləri, elektrikli avtomobil istehsalçıları və s. tərəfindən dəstəklənir.

355528

Bundan başqa, demokratlar və onları dəstəkləyən qüvvələr vahid dünya dövləti uğrunda da çalışırlar. Kanada, Meksika və Avropa İttifaqının vahid dövlətdə birləşməsini və yaxud da getdikcə inteqrasiya etməyini istəyirlər. Demokratlar Çinə birbaşa müdaxilənin əleyhinədirlər. Rusiya və ətrafındakı totalitar ölkələrə qarşı daha amansız mübarizə aparmağın tərəfdarlarıdırlar". 

Turab Rzayev onu da əlavə edib ki, Respublikaçılar və Demokratların İsraillə bağlı məsələdə də mövqeləri fərqlidir:

"Tramp hökuməti Netanyahu hakimiyyətini və İsrailin siyasətini dəstəkləyir. Demokratlar Partiyası isə iki dövlətli həll planını dəstəkləyir, habelə Fələstin dövlətinin yaranmasını tələb edir". 

Pərviz

0