Valideynlərin ailələrə müdaxiləsi: "Artıq cütlüklər etiraz edir"

SOSİAL
14:16 / 09.08.2024
603

"Valideynlərin ailələrə müdaxiləsi hər zaman olub, bundan sonra da olacaq".

Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, Azərbaycanın ailə modelinin içərisində isə bu müdaxilələr daha çox olur:

"Təəssüf ki, valideynlərin ailələrə müdaxiləsi hər dönəmdə olan bir haldır. Sadəcə olaraq indiki dövrdə sözügedən müdaxilələr aktuallaşmağa başlayıb. Çünki artıq gənclər valideynlərinin ailələrinə müdaxilələrinə etiraz etməyə başlayıblar. Əvvəlki dövrlərdə bu müdaxilələrə etirazlar gizli şəkildə baş verirdi. Müasir dövrdə isə gənclər belə müdaxilələrə açıq şəkildə reaksiya verir və öz fikirlərini bildirirlər". 

Psixoloq təəssüflə qeyd edib ki, valideynlərin müdaxilələri ailələrin dağılmasına qədər gətirib çıxarır:

"Bu müdaxilələrə görə evliliklər bitir, nişanlar qaytarılır. Lakin indiki dövrdə cütlüklər bu müdaxilələrin qarşısını almağa çalışırlar. Ona görə də son zamanlarda valideynlərin evliliklər müdaxiləsi müəyyən qədər azalıb. Üstəlik, valideynlər də artıq övladlarının boşanmaması və aiələrində söz-söhbət olmaması üçün qarışmamağa başlayırlar. Ancaq bəzi valideynlər övladlarını gənc olduğu üçün daima onların ailələrinə müdaxilə etmək istəyirlər".

355722

Müsahibimiz gənc cütlüklərin ailələrinə olunan müdaxilələrin qarşısını necə ala biləcəkləri barədə də danışıb:

"Onlar, valideynlərinə və ya digər qohumlarına ailələrinə müdaxilə olunmasını sevmədiklərini əvvəlcədən münasib bir dillə deyə bilərlər. Cütlüklər öz aralarındakı problemləri kənar müdaxilə olmadan həll edə biləcəklərini dərk etməlidirlər.

Bəzi valideynlər övladlarının ailələrinə maddi dəstək verdikləri üçün özlərində müdaxilə haqqını görürlər. Belə vəziyyətdə cütlüklər də ailələrinin müdaxiləsinə etiraz edə bilmirlər. Lakin maddi tələbatını özləri ödəyən cütlüklər valideynlərinin müdaxiləsinə rahat şəkildə etiraz edə bilirlər. Ümumiyyətlə, gənc cütlüklər ailələrinə müdaxilələr olmasına icazə verməməlidirlər. Onlar, nazik formada ailələrindən bunu tələb edə bilərlər".

Pərviz

0