Qızıl bazarında bahalaşma nə vaxta qədər davam edəcək?

İQTİSADİYYAT
15:51 / 10.08.2024
257

Azərbaycanın qızıl bazarında bahalaşma tendensiyasının bu ilin sonuna qədər davam edəcəyini proqnozlaşdırmaq olar.

Bunu "Report"a açıqlamasında "Azərbaycan Zərgərlər Assosiasiyası" ictimai Birliyinin İdarə Heyətinin sədr müavini, "Qiymətli metallar və qiymətli daşlar" üzrə Texniki Komitənin sədri Rövşən Əmircanov bildirib.

"Bu bazar qiymətli metalların və qiymətli daşların birja qiymətləri ilə tənzimlənir: "Hazırda London əmtəə birjasında qızılın 1 unsiyasının qiyməti 2 430-2 440 ABŞ dolları (4 131-4 148 manat) arasında dəyişir. O cümlədən, birjada 999,9 əyar qızılın 1 qramının qiyməti 78 ABŞ dollarıdır (təxminən 133 manat), 750 əyar qızılın 1 qramının qiyməti 59 ABŞ dolları (təxminən 100 manat), 585 əyar qızılın 1 qramının qiyməti isə 46 ABŞ dolları (təxminən 78 manat) təşkil edir. Yerli bazarda satış qiymətləri isə 999,9 əyar qızıl üçün 140-150 manat, 750 əyar qızıl üçün 130-150 manat, 585 əyar qızıl üçün isə azı 100 manatdır", - deyə o qeyd edib.

R.Əmircanovun sözlərinə görə, yaxın vaxtlarda dünya bazarında qızılın 1 unsiyasının qiymətinin 2 500 ABŞ dollarını keçəcəyi gözlənilir: "Araşdırmalar nəticəsində məlum olub ki, 999,9 əyarlı külçə və sikkələrə tələbat daha çoxdur. Çünki onlar daha çox investisiya aləti kimi alınır".

"Araşdırmalarımız həm də onu göstərir ki, ölkədə zərgərlik məhsullarının satışı daha çox toylarla bağlıdır. "Həmişəki kimi Ramazan və Məhərrəmlik aylarında toy məclisləri keçirilmədiyindən zərgərlik bazarında bu mövsümlərdə alıcılıq qabiliyyəti təqribən 50 % aşağı düşür. Qızıl bazarında 8 Mart və Novruz bayramları öncəsi aktivlik hiss olunur".

0