"Hazırda münasibətlər elə vəziyyətdədir ki, tərəflərdən biri çox bağlı, toksik, digəri isə vecsiz olur".
Bu sözləri psixoloq Ülviyyə İlqar Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, balanslı münasibətlər isə çox nadir hallarda qarşımıza çıxır:
"Çünki cütlüklər tanış olanda nəyi sevib sevmədiklərini, necə münasibət istədiklərini və birlikdə nələr edə biləcəklərini müzakirə belə etmirlər. Bir-birilərini tanımağa çalışmadıqları üçün münaqişələr ortaya çıxır. Bunların içində ayrılığa gətirən münaqişələr də olur.
Ayrılıq sonrasını kişilər və qadınlar fərqli keçirir. Qadınlar ilk zamanlar daha dərin depressiya yaşayır, amma zamanla özünü yaxşı hiss etdirəcək işlərə fokuslanmağa başlayır. Kişilər isə ilk zamanları daha yaxşı olur, lakin həftələr keçdikcə isə qadının yoxluğunu hiss etməyə başlayırlar".
Həmsöhbətimiz ayrıldıqdan sonra intihara əl atanlar barədə də danışıb:
"Ayrılıq sonrası intihar daha ağır keçən depressiyanın nəticəsidir. Səbəb isə partnyoru həyatının mərkəzinə qoymaq, onu ilahiləşdirməkdir. Bu halda həmin şəxs, "o olmasa həyat davam etməz, onsuz hər şey mənasızlaşar, bütün xəyallarım onunladı, hər günüm onunla keçir o getsə mən nə edərəm?" kimi hiss və düşüncələrə qapılır. Çünki bütün həyatını partnyoru üzərində qurub. Özü ilə zaman keçirmir, özünə dəyəri, özünə sevgisi və güvəni aşağı olur".
Psixoloq ayrılıq sonrası intihar hallarının qarşısını almaq üçün atılacaq addımlardan da bəhs edib:
"Ayrılıq sonrası intihar hallarının olmaması üçün ilkin növbədə düzgün, balanslı və sağlam münasibət qurulmalıdır. İnsanın özünə dəyər verməsi, özünü sevməsi, həyatının mərkəzinə özünü qoyması, öncəliyi özü olmalı və gələcəklə bağlı hədəflər müəyyən etməsi lazımdır. Həyatın hər sahəsi münasibət üzərində qurulmamalıdır. Əgər münasibətdə ciddi problemlər yaşanırsa, mütəxəssis dəstəyi alına, həm cütlük, həm də fərdi terapiyaya gedə bilər.
Ümumiyyətlə, cəmiyyətdə sağlam münasibət mövzusu dərindən işlənməli və maarifləndirilmə aparılmalıdır. Hazırda bunun üçün çox şərait var. Yəni təlimlər, seminarlar, mütəxəssis dəstəyi hər kəs üçün əl çatandır. Sadəcə cütlüklərin bunun üçün addım atıb münasibətlərini qaydaya salmaq istəmələri kifayətdir".
Pərviz