"Bakı ilə İrəvan arasında sülh müqaviləsi Moskvada imzalanma bilər" - ŞƏRH

SİYASƏT
10:59 / 21.08.2024
393

"Azərbaycanla Ermənistan arasındakı problemlərin həllinə ikitərəfli danışıqlar yolu ilə daha tez nail olmaq olar. Rəsmi Bakının da mövqeyi bu yöndədir".

Bu sözləri Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, üçüncü tərəflərin iştirakı isə prosesə müdaxilə şəklində həyata keçirilir:

"Bu isə prosesin uzanmasına gətirib çıxarır. Ona görə də Azərbaycan bununla bağlı mövqeyində haqlıdır. Bizim haqlı olduğumuzu proseslər də göstərdi. Bu gün də üçüncü tərəfin iştirakı və dəstəyi olmadan ikitərəfli qaydada problemlərin həllinə nail ola bilərik. Amma Ermənistan digər tərəfləri prosesə cəlb edərək vaxt qazanmağa çalışır".

356392

Həmsöhbətimiz xatırladıb ki, Bakı ilə İrəvan ötən ilin sonundan indiyə kimi bir çox məsələni ikitərəfli qaydada həll edib:

"Əsirlərin mübadiləsi, birgə bəyanatların verilməsi, sülh müqaviləsinin mətninin müzakirəsi, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin həyata keçirilməsi buna nümunə göstərmək olar. Yəni bəzi məsələlərin həllinə ikitərəfli qaydada nail olduq. Amma əfsuslar olsun ki, Ermənistan bu gün fərqli münasibət sərgiləyir".

Ekspert qeyd edib ki, keçmiş ATƏT-in Minsk qrupunun həmsədrləri arasında yalnız Rusiya bu məsələdə konstruktiv mövqe nümayiş etdirir:

"Rusiya digər ölkələrdən fərqli olaraq Cənubi Qafqazda təxribat xarakterli addımların atılmasına və Ermənistanın silahlandırılmasına qarşı olduğunu göstərir. Həmçinin, rəsmi Moskva Azərbaycanla Ermənistan arasındakı münasibətlərin normallaşmasında maraqlı olduğunu da nümayiş etdirir".

Xəyal Bəşirov hesab edir ki, hazırkı mərhələdə elə Moskvadan sülh müqaviləsinin imzalanması üçün platforma kimi istifadə oluna bilər:

"Rusiya digərlərindən fərqli olaraq konstruktiv mövqe nümayiş etdirdiyi üçün onun iştirakı ilə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalana bilər. Yəni bu müqavilənin Moskvada imzalanması da mümkündür. 

Nəzərə almaq lazımdır ki, 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyanatda da Rusiya üzərinə götürdüyü öhdəliklərinə riayət etdi. Məncə, Rusiya bu proseslərlə bağlı sınaqdan müsbət nəticə ilə çıxdı. Hesab edirəm ki, Rusiyanın vasitəsi ilə sülh müqaviləsinə nail olmağımız daha real görünür".

Pərviz

0