Doğuş zamanı ölən qadınların sayında REKORD - Hər gün 800 nəfər...

SOSİAL
23:32 / 26.08.2024
435

Azərbaycanda son dövrlər doğuş və hamiləlik zamanı ölən ana və uşaqlarla bağlı xəbərlər yayılır. Sosial şəbəkələrdə və mətbuatda sözügedən mövzu ciddi müzakirələrə səbəb olub. 

Ötən il hamiləlik, doğuş və zahılıq dövründə ölən anaların sayı son 13 ilin ən yüksək pilləsinə çatıb. Belə ki, Dövlət Statistika Komitəsinə görə, 2023-cü ildə  doğuş və zahılıq dövründə ölən anaların sayı 33 nəfər olub. 2009-ci ildə həyatını itirən anaların sayı 37 nəfər idi, həmin ildən başlayaraq ölən anaların sayında azalma qeydə alınıb, ancaq ötən il yenidən 30-u keçib. 

Dünyada da vəziyyət ürəkaçan deyil. Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına əsasən, hamiləlik zamanı və ya doğuşda yaranan fəsadlar ucbatından gündə 800 qadın həyatını itirir. Bu, 1990-ci illərlə müqayisədə aşağı göstərici olsa da, hələdə narahatedicidir.

Rəsmi məlumata görə, Azərbaycanda ana ölümləri əksər halda ekstragenital patologiya, qadınların vaxtında həkim müayinəsindən keçməməsi, vaxtında yoxlanılmaması səbəbindən baş verir.

Mövzu ilə bağlı Modern.az-a açıqlama verən  Ailə, Qadın və Uşaq Problemləri üzrə  Dövlət Komitəsinin uşaq məsələləri şöbəsinin müdir müavini Günel Nağdəliyeva bildirib ki, son illərdə ölkəmizdə körpə və ana ölümü hallarının əhəmiyyətli dərəcədə azalması məqsədilə əsaslı tədbirlər həyata keçirilir.

“Bu səbəblə intensiv təlim-tədris prosesi təşkil olunur, beynəlxalq mütəxəssislərin iştirakı ilə təlimlərin və təcrübə mübadiləsi proqramlarının aparılması həyata keçirilir. Aidiyyət qurumlar tərəfindən regionlarda Neonatal Reanimasiya Proqramı və Ümumdünya Səhiyyə Təşkilatının yenidoğulanların tənəffüsünə dəstək proqramları üzrə təlimlərin təşkili neonatoloqlar və pediatrların bilik və bacarıqlarının artırılmasına imkan yaratmışdır”, - o qeyd edib.

Qurum rəsmisi əlavə edib ki, neonatloji xidmətin təkmilləşdirilməsi üçün aidiyyəti qurum tərəfindən perinatal dövrdə baş verən ölümlər hər il təhlil edilir və onlara səbəb olan hallar araşdırılaraq müəyyənləşdirilir, səbəblərin təkrarlanmaması üçün tibb müəssisələri və tibb işçilərinin potensialının gücləndirilməsi üzrə tədbirlər icra olunur.

Günel Nağdəliyeva onu da qeyd edib ki, ana olmağa hazırlaşan şəxslər davamlı olaraq tibbi müayinədən keçməməyi ölüm hallarını artırır:

“Klinik protokola əsasən ana olmağa hazırlaşan hər bir qadın sağlam övlad dünyaya gətirmək üçün ən azı 7 dəfə müayinələrə cəlb olunmalı, sağlam qidalanmaya önəm verməlidir. Əfsus ki, xüsusilə regionlarda heç də bütün qadınlar bu məqamlara əməl etmir və nəticədə həm özlərinin həm də körpənin səhhətində ağırlaşmalar olur. Bu səbəbdən hamiləlik risklərindən uzaq olmaq üçün vaxtında həkimə müraciət olunmalıdır və bu istiqamtdə Səhiyyə Nazirliyi tərəfindən mütamadi şəkildə maarifləndirmə işləri aparılır”.

0