Paytaxtdakı tozlu havanın səbəbi və zərərləri nədir? - Ekspertdən AÇIQLAMA

ÖLKƏ
10:45 / 04.09.2024
456

"Son günlərdə Bakıda, Abşeron yarımadasında, ümumilikdə Xəzər dənizinin sahil boyu əksər hissəsində tozlu hava müşahidə olunur". 

Bu sözləri "Biosfer" İctimai Birliyinin sədri Qorxmaz İbrahimli Hit.az-a açıqlamasında deyib.

Lakin o bildirib ki, tozlu və dumanlı hava ölkənin içərilərinə doğru irəliləməyib:

"Ümumiyyətlə, Bakıdakı tozlu havanın əsas səbəbi Cənub-Şərq küləyinin əsməsidir. Tozlu hava Orta Asiyadan, Türkmənistan səhralarından qalxaraq buraya qədər gəlib. Təəssüf ki, səhraların tozu ölkəmizə gəlib çata bilir. 

Hətta bəzən Afrikadan, Böyük Səhradan belə, o cümlədən İran üzərindən ölkəmizə toz gəlir. Bu, təbii bir hadisədir. Demək olar ki, Bakıda havanın tozlu olması hər ilin bu zamanlarında müşahidə olunur". 

357392

Ekspert qeyd edib ki, tozlu hava ilə bağlı öncədən xəbərdarlıq olunmalı idi:

"Əslində, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tozun gələcəyi ilə bağlı öncədən məlumat verməli və insanları xəbərdar etməli idi. Vətəndaşlar buna hazırlıqlı olmalı idilər. Çünki bunun ən böyük təhlükəsi bronxial sistemədir". 

Qorxmaz İbrahimli tozlu havanın zərərlərindən də bəhs edib:

"İlk növbədə tozu udmağımız ağciyərlərimizə ciddi təsir edir. Üstəlik, Bakı və Abşeron yarımadasında astma bronxit xəstələri çoxdur. Havanın tozlu olması onlara da olduqca ciddi təsir göstərir. Ona görə də belə hallarla bağlı öncədən xəbərdarlıq olunmalıdır. Belə hava şəraiti ürəyi xəstə olan insanlara da zərərdir. 

Bundan başqa, havanın uzun müddət belə tozlu olması insanların əsəbinə toxunur. Eyni zamanda, belə hava şəraiti görmə problemi yaratdığı üçün yollarda problemlərə də səbəb ola bilər. Tozlu havanın heyvanlara da mənfi təsir göstərdiyini qeyd etmək lazımdır".

Pərviz

0