Monqolustan Rusiya prezidenti Vladimir Putini ölkəyə səfəri zamanı niyə həbs etmədiyini Haaqa məhkəməsinə izah etməli olacaq.
HİT.az xəbər verir ki, bu barədə Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xan Rusiyanın "BBC News" xidmətinə müsahibəsində bildirib.
"Məhkəmə səviyyəsində danışıqlar prosesi davam edir. Hakimlər əməkdaşlıq olmadıqda öz tövsiyələrini verə bilərlər, amma mən heç nə proqnozlaşdırmaq istəmirəm, çünki indi bu məsələ hakimlər və Monqolustan hökuməti arasında həll olunur", deyə prokuror bildirib.
Putinin Haaqada mühakimə olunacağı sualına Xan deyib ki, keçmişə baxmağı məsləhət görüb.
"Keçmiş Yuqoslaviya Tribunalı Karaciç və Mladiç haqqında həbs qərarı istəyəndə, hətta Miloşeviçi demirəm, Syerra Leone üzrə Xüsusi Məhkəmə keçmiş prezident Çarlz Teylorun həbsinə order verəndə insanlar gülürdülər, amma tarixin göstərdiyi kimi, bu insanların sonu öz ölkələrində və bölgədə müttəhimlər kürsüsündə sona çatdı", deyə prokuror bildirib.
Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsi 2023-cü ilin martında Rusiya prezidenti Vladimir Putinin "uşaqların Ukraynadan qanunsuz çıxarılması” ilə bağlı həbs qərarı verib. BMC nizamnaməsini ratifikasiya edən ölkələrdən əmrin icrası tələb olunur.
Rusiya prezidenti sentyabrın 2-də Monqolustana rəsmi səfərə gəlib. Sentyabrın 3-də Ulan-Batorda o, ölkə prezidenti Uxnaaqiyn Xurelsux ilə danışıqlar aparıb. Prezidentlər neft məhsulları sahəsində əməkdaşlığa, eləcə də Ulan-Batorda istilik elektrik stansiyasının yenidən qurulması layihəsinin hazırlanmasına dair sazişlər imzalayıblar.
Samir