Paşinyan Rusiya ilə bağlı siyasi kursunu dəyişib? - ŞƏRH

DÜNYA
10:02 / 11.09.2024
1079

"Ermənistanın Baş naziri Nikol Paşinyan ənənəvi olaraq Rusiya ilə Qərb arasında oynayır".

Bu sözləri politoloq Rəşad Bayramov Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, Paşinyan eyni vaxtda həm Rusiya, həm də Qərbdən yararlanmağa çalışır:

"Onun zaman-zaman Rusiya əleyhinə bəyanatlarla çıxış etməsi və Qərbdən nələrsə qoparmasına şahidlik etmişik. Lakin Paşinyan onu da görür ki, Avropa İttifaqı post-sovet məkanı ölkələrinin heç biri ilə bağlı konkret addımlar atmayıb. Avropa İttifaqı sözügedən ölkələrə sadəcə vədlər verib. Amma post-sovet ölkələrinin Avropa İttifaqına üzv olması ilə bağlı hansısa real addımlar atılmayıb".

357843

Ekspert bunu Gürcüstan və Ukraynanın timsalında gördüyümüzü xatırladıb:

"Hər dəfə müxtəlif şərtlər irəli sürülür və bir növ ölkənin müstəqilliyindən "imtina etməsi" tələb olunur. Paşinyan da düşünür ki, Qərb Ermənistandan maraqlarının təmin olunmasını istəyirsə, özləri də müvafiq addımlar atmalıdır". 

Rəşad Bayramov hesab edir ki, Nikol Paşinyanın son zamanlarda Rusiya ilə bağlı mülayim addımlar atması onun siyasi kursunu dəyişməsi demək deyil:

"Paşinyan Qərbə mesaj vermək və iqtisadi təhlükəsizliyi ilə bağlı alternativlər görmədiyinə görə Rusiya ilə da münasibətləri normal saxlamağa çalışır.

Düşünürəm ki, Paşinyanın Rusiya yönümlü addımları Qərblə Ermənistan arasındakı münasibətlərə xələl gətirməyəcək. Rusiya ilə bağlı hansısa xoş addımlar atılanda belə Qərbi qəzəbləndirməməyə çalışırlar. Bunu Paşinyanın siyasi kursunda hansısa dəyişiklik kimi yox, hər iki tərəflə oynayıb, onlardan maksimum faydalanmaq cəhdi kimi qəbul etmək lazımdır".

Pərviz
 

0