Kirayə mənzil axtaran tələbələr maklerlər tərəfindən aldadılır?

İQTİSADİYYAT
20:57 / 11.09.2024
283

Yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Bununla  əlaqədar rayondan Bakıya oxumağa gələn tələbələr hələ də yaşamaq üçün yer tapa bilmir.

Ev axtaran tələbələrin problemi bununla bitmir. Onlayn formada ev axtaran şəxslər əksər hallarda dələduzların qurbanına çevrilir.

Belə ki, ali təhsil müəssisəsinə yeni qəbul olan tələbələrin valideynləri şəhərə gəlmədən internet vasitəsilə ev axtarırlar.

İnsanların məcbur ev axtardığı görən işbazlar hərəkətə keçərək, beh adıyla pul tələb edir, evdə olmayan əşyaların vədini verir. Bu yolla da qiymətləri ucuz göstərərək tələbələri tələyə salırlar. 

Əmlak eksperti Elnur Fərzəliyev Hit.az-a deyib ki, kirayə ev axtaranlar əksəriyyəti paytaxta gəlməzdən internet resurslarına verilmiş elanlarla kirayə mənzili seçir:

“Mənzili və mənzil sahibini görmədən verilən beh batmış olur. Özlərini vasitəçi kimi təqdim edən bir qrup fırıldaqçı bu cür elan saytlarında ucuz evlərin elanlarını yerləşdirərək, müştəri cəlb edirlər. Müxtəlif səbəblərdən “tez beh göndər, saxlayım” kimi ifadələr işlədərək, kirayəçidən həmin mənzilin bir hissəsini beh şəklində tələb edirlər. Yəni, vətəndaşlar evləri görmədən özlərini vasitəçi adlandıran həmin fırıldaqçıların bank kartına pul göndərir. Daha sonra isə həmin nömrələrə zəng çatmır. Onlar arasında notarial şəkildə müqavilə olarsa , hec bir tələbənin və yaxud kirayə mənzil götürən şəxsin hüququ tapdana bilməz”.

Sevinc
 

0