Prezident iki şirkətin rəhbərini qəbul etdi - YENİLƏNİB

SİYASƏT
14:54 / 13.09.2024
329
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də texnologiya sektorunda alternativ investisiyaların idarə edilməsi üzrə fəaliyyət göstərən ən nüfuzlu investisiya şirkətlərindən biri olan “Vista Equity Partners” şirkətinin təsisçisi və icraçı direktoru Robert Smiti qəbul edib.

HİT.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun dünyanın qabaqcıl maliyyə qurumlarından biri olan “Vista Equity Partners” şirkəti ilə uğurlu əməkdaşlığını müsbət qiymətləndirərək, tərəfdaşlığın inkişaf etdirilməsi üçün yaxşı potensialın mövcud olduğunu bildirdi. Dövlət Neft Fondunun fəaliyyətinin daim genişləndiyini qeyd edən Azərbaycan Prezidenti Fondun aktivlərinin qeyri-sabit maliyyə bazarları mühitində də artdığını vurğuladı.

Robert Smit Azərbaycanın investisiya potensialını yüksək qiymətləndirdiyini deyərək, ölkəmizlə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanların olduğunu qeyd etdi. Qonaq Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə uzunmüddətli və uğurlu əməkdaşlıqdan məmnunluğunu bildirərək, bu əməkdaşlığın rəhbərlik etdiyi şirkət üçün böyük önəm daşıdığını dedi və gələcəkdə mövcud münasibətlərin daha da möhkəmlənəcəyinə inamını ifadə etdi.

Qeyd edək ki, 2000-ci ildə ABŞ-də təsis olunmuş və mərkəzi ofisi Texas ştatının Ostin şəhərində yerləşən “Vista Equity Partners” şirkətinin, həmçinin Nyu-York, San Fransisko, Çikaqo və Çin Xalq Respublikasının Honq-Konq şəhərində ofisləri mövcuddur. Şirkətin özəl səhmlər və özəl kredit fondlarında idarə etdiyi aktivlərin toplam dəyəri 100 milyard ABŞ dolları təşkil edir. “Vista Equity Partners” 24 illik tarixi ərzində 275 milyard dollar dəyərində 585-dən çox investisiya layihəsi həyata keçirib.

14.44

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də "Gulfstream Aerospace” şirkətinin prezidenti Mark Börnsü qəbul edib.

HİT.az xəbər verir ki, Mark Börns sonuncu dəfə ölkəmizdə 20 il əvvəl olduğunu deyərək, bu səfəri zamanı Bakıda gördüyü inkişaf proseslərinin onda dərin təəssürat hissi yaratdığını vurğuladı.
 
O, ölkəmizin iqtisadi inkişafını yaxından izlədiyini dedi və Azərbaycanda istismar olunan "Gulfstream” təyyarələrinin, həmçinin Bakıya gəldikdə hava limanında gördüyü təyyarələrin sayını iqtisadi inkişafımızın yaxşı nümunəsi kimi qiymətləndirdi. Mark Börns Azərbaycan ilə gələcək əməkdaşlıqda maraqlı olduqlarını bildirdi.
 
Formula 1 Azərbaycan Qran-Prisinin keçirilməsini qeyd edən qonaq bu yarışların Bakı trasının dünyanın ən maraqlı traslarından biri olduğunu dedi.
 
Söhbət zamanı Azərbaycanın iqtisadi potensialının və coğrafi mövqeyinin mülki aviasiyamızının gələcəkdə daha da inkişafı üçün əhəmiyyətli rol oynadığı vurğulandı.
 
Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.
 
14.29
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də "Vista Equity Partners” şirkətinin təsisçisi və icraçı direktoru Robert Smiti qəbul edib.
 
HİT.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
 
 
14.01
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də "Gulfstream Aerospace” şirkətinin prezidenti Mark Börnsü qəbul edib.
 
HİT.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
 
 
0