Mağazaların saxta endirimləri

MARAQLI
16:32 / 13.09.2024
682

Mağazalarda endirim elanlarına demək olar ki, hər gün rast gəlirik.

Ölkədəki mağazaların əksəriyyəti tez-tez fərqli faiz dərəcələri ilə endirim elan edirlər. Xüsusilə də bunu iri super marketlərdə daha çox görürük. Əlbəttə ki, sözügedən addımın müştəri cəlb etmək üçün atıldığı heç kimə sirr deyil. Üstəlik, endirim kampaniyasının kifayət qədər effektli olduğunu da demək mümkündür.

Belə ki, qiymətlərdə ucuzlaşmanın olduğu həmin günlərdə daha çox məhsulun satıldığı hamıya məlumdur. Bu kampaniyaların da vaxtaşırı keçirilməsinin səbəbi budur. Nəticədə insanların ucuz məhsul alması üçün deyil, alış-verişin daha çox edilməsi üçün analoji addım atılır. Ticarət olduğu üçün bunu müəyyən qədər başa düşmək olar. 

Yəni marketlərdə hansısa məhsullarda 1 həftə, 10 gün, 1 ay və ya hansısa müddətdə endirim olanda satışlar artır. Əslində alıcılar da bundan razılıq edirlər. Təcrübə göstərir ki, vətəndaşların alıcılıq qabiliyyəti endirim olan həftələrdə daha yüksək olur. Endirimin olması çox gözəldir, çünki hər kəs alış-verişə daha az xərc çəkərək, istədiklərini satın almaq istəyər. 

Bura qədər hər şey normaldır. Amma bəzi hallarda endirim adı ilə satılan məhsullarda heç bir ucuzlaşmanın olmadığına da şahid oluruq. Üstəlik, bunlar çox məşhur marketlərdə baş verir. Deməli, hansısa məhsulun qiymət yerinə sarı kağızda yeni qiymət yazaraq, müəyyən müddətə əvvəlkindən ucuz olduğu qeyd olunur. Lakin kağızı qaldıranda görürsən ki, ele endirimdən öncə olan qiymətlə heç bir fərq yoxdur. 

Məsələn, bir məhsulun qiyməti rəfdə 12 manatdırsa, sarı kağızda 15 manatın üzərindən xətt çəkilərək, endirimlə 12 manata düşdüyü göstərilir. Əslində isə heç bir endirimdən söhbət getmir. Bəzi hallarda heç 20 qəpik belə ucuzlaşdırmayan məhsulu endirim adı  satışa çıxarırlar. Bu isə diqqət çəkmək üçün atılan addımdan başqa bir şey deyil. Lakin belə hərəkət etməklə istehlakçı hüquqları kobud şəkildə pozulur. Konkret olaraq, buna alıcıların aldadılması da deyə bilərik.

Müxtəlif zamanlarda bənzər hadisələrlə bağlı sosial şəbəkələrdə paylaşımlar olub və mətbuatda xəbərlər tirajlanıb. İnternetdə kiçik bir axtarış etməklə çox sayda nümunə tapmaq mümkündür...

Könül istərdi ki, endirim kampaniyalarına qarşı mütəmadi olaraq yoxlamalar həyata keçirilsin və alıcıların aldadılmasına icazə verilməsin. Aidiyyəti qurumların bu məsələ ilə məşğul olaraq, sözügedən halların qarşısını alacağına ümid edirik...

Pərviz

0