Sosial şəbəkədə tanış olanların evliliyi xoşbəxt olur? - Psixoloq danışdı

SOSİAL
16:20 / 16.09.2024
443

"Sosial şəbəkələrdə tanış olub evlənmək məsələsi zaman-zaman cəmiyyətdə müxtəlif fikir ayrılıqlarına səbəb olur". 

Bu sözləri psixoloq Ülviyyə İlqar Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, bəzi insanlar sosial şəbəkələrdə tanış olub evlənənlərə mənfi yanaşırlar: 

"Çünki sosial şəbəkələrdə şəxsiyyətin tam əks olunmadığı düşünülür. Sosial şəbəkələr daha çox insanla tanış olma və əlaqələr qurma imkanı verir. Hətta bəzən bu platformalarda insanlar dərin emosional əlaqələr də qura bilirlər".

358139

Psixoloq sosial şəbəkələrdə tanış olub evlənən cütlüklərin xoşbəxt olub-olmaması barədə də danışıb:

"Belə tanışlıqdan sonra evlənən cütlüklərin xoşbəxt olub-olmaması, onların ünsiyyət bacarıqlarından, emosional yaxınlıq səviyyəsindən və bir-birlərinə qarşı dürüst yanaşmalarından asılıdır. Sağlam münasibət üçün sosial şəbəkə vasitəsilə tanış olsalar belə, cütlüklər real həyatda da bir-birlərini yaxşı tanımalı, birlikdə vaxt keçirməli, emosional və fiziki yaxınlıq qurmalıdırlar". 

Həmsöhbətimiz vurğulayıb ki, evliliyin uğurlu və ya uğursuz olması tanışlıq vasitəsinə bağlı deyil:

"Əsas məsələ qarşılıqlı hörmət, dəstək, sevgi və anlayışın olmasıdır. Sosial şəbəkə ilk addım ola bilər. Sonrakı mərhələlərdə münasibətlərin dərinləşməsi üçün real həyatda qurulan münasibətlər daha əhəmiyyətlidir". 

Ülviyyə İlqar belə cütlüklərin boşandığı zaman sosial şəbəkələrdə evlənməsinin qabardılması məsələsinə də toxunub:

"Boşanmalar zamanı cütlüklərin sosial şəbəkədə tanış olmasının qabardılması isə çox vaxt sosial media üzərindən tanışlığın hələ də qəbul edilmədiyinə işarədir. Halbuki, münasibətlərin uğuru yalnız tanışlıq mühiti ilə deyil, cütlüklərin bir-birlərinə olan münasibəti və birlikdə necə addım atmaları ilə müəyyən edilir.

Nəticədə, sosial şəbəkə tanışlığının doğru olub-olmadığı tanışlıqdan sonra əlaqənin necə qurulduğuna və tərəflərin bir-birlərinə olan yanaşmalarına bağlıdır. Əgər insanlar səmimi, açıq və bir-birlərinə hörmətlə yanaşırsa, xoşbəxt evlilik mümkündür".

Pərviz

 

0