Növbəti müharibə harada olacaq? - Ekspert AÇIQLADI

DÜNYA
10:03 / 24.09.2024
81

"Hal-hazırda dünyanın bir çox ölkələrində "qaynar nöqtələr" mövcuddur".

Bu sözləri politoloq Rəşad Bayramov Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, həm bəzi dövlətlər arasında aktiv şəkildə müharibə gedir, həm də bəzi sönmüş müharibə ocaqları yenidən aktivləşir:

"Böyük dövlətlər özlərindən zəif olan kiçik ölkələri ələ keçirmək istəyirlər. Sözügedən kiçik ölkələr isə öz müstəqilliklərini qorumaq üçün mübarizə aparırlar. Bu isə belə müharibə ocaqlarının sayını artırır. Həmçinin, nəhəng dövlətlər müxtəlif regionlar uğrunda bir-birilə rəqabət aparması da yeni müharibə olma ehtimalını yüksəldir.

Hazırda dünyanın bir çox yerində aktiv müharibə gedir. Əsas diqqətlərin Rusiya-Ukrayna və İsrail-HƏMAS müharibəsinə yönəlməsinə baxmayaraq, bir çox yerdə belə müharibə ocaqları mövcuddur. Məsələn, zaman-zaman Əfqanıstan-Pakistan və ya Tacikistan-Qırğızıstan sərhəddində baş verənləri görürük".

Həmsöhbətimiz qeyd edib ki, bütün bunlar dünyanın müxtəlif yerlərində yeni müharibələrin baş vermə ehtimalını artırır:

"Dünyada baş verən müharibələrin böyük əksəriyyətinin arxasında hərəkətverici qüvvə kimi Qərbi görürük. Ona görə də bundan sonra baş verə biləcək müharibələrə də Qərbin maraqları prizmasından baxmalıyıq. ABŞ özünə təhdid olaraq gördüyü bəzi dövlətlərə qarşı planlar hazırlayır. 

Rusiya-Ukrayna müharibəsi də elə bu planın tərkib hissələrindən biri idi. Belə ki, burada ABŞ-nin əsas məqsədi özünə düşmən hesab etdiyi Rusiyanın zəifləməsi idi. Nəticə etibarilə, 2,5 ildən çoxdur davam edən müharibə fonunda rəsmi Vaşinqtonun öz istəyinə çatdığını deyə bilərik.

Həmçinin, Rusiyanın Cənubi Qafqaz regionundan da sıxışdırılıb çıxarılması ilə bağlı addımlar atılır. Xüsusilə Ermənistanın silahlandırılması üçün külli miqdarda maliyyə vəsaitinin ayrılması diqqət çəkir. Burada da əsas hədəf Rusiyanın zəifləməsidir".

Politoloq qeyd edib ki, ABŞ-nin özünə təhlükə hesab etdiyi ölkələrdən biri də Çindir:

"ABŞ bu səbəbdən də son illərdə Çinin ətrafında olan ölkələrə dəyəri milyardlarla ölçülən silah-sursat verilib. Buna Yaponiya, Cənubi Koreya və hətta Tayvanı misal çəkə bilərik. Hətta Ağ Ev Çinlə müharibə ehtimalında Tayvanla tam dəstək verəcəyini də bəyan edir. Bütün bunlar növbəti hədəfin Çin ola biləcəyini göstərir. 

Hətta Çin-Tayvan müharibəsinin baş vermə ehtimalı kifayət qədər yüksəkdir. ABŞ birbaşa özü müharibə aparmağı deyil, hədəfindəki ölkələri zəiflətmək üçün üçüncü tərəflərdən istifadə metodunu seçib".

Ekspertin sözlərinə görə, Çinin iqtisadi yüksəlişi və ümumi daxil məhsulun həcminə görə ABŞ-ni üstələməsi fonunda Ağ Ev olduqca narahatdır:

"Demək olar ki, Çinin "Bir kəmər, bir yol" layihəsinin üzərində olan bütün regionlarda aktiv münaqişə ocaqları formalaşdırıb. Əsas məqsəd Çinin iqtisadi və hərbi gücünü zəiflətmək ola bilər. Bu istiqamətdə də bundan sonrakı hədəf olaraq Çinin seçilmə ehtimalı kifayət qədər yüksəkdir. 

Həmçinin, İsrail də bütün gücü ilə İranı birbaşa müharibəyə cəlb etməyə çalışır. İranın özünə və proksi qüvvələrini hədəfə alan əməliyyatların keçirilməsində məqsəd Tehranı müharibəyə təhrik etmə məqsədi daşıyır. Təbii ki, bunun da arxasında ABŞ dayanır".

Pərviz

0