Toy karvanları toyu vaya döndərir...

HADİSƏ
20:20 / 25.09.2024
448

Son zamanlar toyu yasa dönənlər az deyil. Bunun səbəbi isə toy kartejləridir.

Son belə faciə sentyabrın 24-də baş verib.

Cəlilabad rayonunun Göytəpə şəhərinə Ağcəbədi rayonundan gəlin gətirən toy karvanında iştirak edən "VAZ 21124" markalı minik avtomobilini idarə edən şəxs,  dönmə əməliyyatında sürəti azalda bilməyərək, onu "MAN" markalı yük avtomobilinə çırpıb.

Sürücü - 1994-cü il təvəllüdlü Hüseynov Pərviz Allahşükür oğlu və üç sərnişin - 1990-ci il təvəllüdlü Hüseynova Aidə Yasər qızı, 1958-ci il təvəllüdlü Hüseynova Mehriban Hüseyn qızı və 1995-ci il təvəllüdlü İsayev Vasif Əkbər oğlu hadisə yerində ölüb. 

Onların meyiti FHN-nin müvafiq qüvvələri tərəfindən avtomobildən çıxarılıb. 

Avtomobildə olan daha bir şəxs isə, 1991-ci il təvəllüdlü Hüseynova Xoşbəxt Akif qızı ağır vəziyyətdə Biləsuvar Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin onun da həyatını xilas etmək mümkün olmayıb.Ölənlərin  hamısı qohumdur.

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib ki, hər kəs qanunlara, ictimai qaydalara uyğun davranmalıdır:

 "Toy karvanları zamanı faciənin yaranmasının səbəbi ailə böyüklərinin gənclərin bu hərəkətinə göz yummasıdır. Bu işdə ağsaqqallar, ailələrin böyükləri xüsusilə diqqətli olmalıdır və hamını qayda-qanuna riayət etməyə çağırmalıdırlar. Amma bəzən irəli düşən elə dırnaqarası böyüklərə rast gəlirsən, baxırsan, cavanlara öyüd-nəsihət verməkdənsə, özləri qaydanı pozur. Cavanları daha da qızışdırırlar. Toy karvanları ləğv olunsa, daha yaxşı olar. Sakitcə bir iki maşınla gəlin götürülüb, məclis keçirilən məkana gətirilə bilər. Belə olarsa , nə faciə yaşanmaz, nə də tıxac olmaz. Nəzərə almaq lazımdır ki, nəqliyyat sıxlığının yaranmasının bir səbəbi elə toy karvanlarıdır".

Sevinc

0