Pezeşkian dövründə Güney Azərbaycandakı soydaşlarımız ana dilində təhsil ala biləcək? - RƏY

SİYASƏT
12:50 / 27.09.2024
391

"İran Konstitusiyasında vətəndaşların öz ana dilində təhsil almaq hüququ var".

Bu sözləri siyasi şərhçi Məhsa Mehdili Hit.az-a açıqlamasında deyib.

Lakin o bildirib ki, ana dilində təhsil almaqla, ana dilini öyrənmək fərqli anlayışlardır:

"Ana dilində təhsil almaq o deməkdir ki, vətəndaş bütün təhsil həyatını öz dilində almalıdır. Bunun üçün bütün dərs kitabları kökündən dəyişməlidir. Lakin belə bir addımı İrandan gözləmək olmaz. Çünki bugünkü rejimlə bunun baş verməsi mümkün deyil. Bunu tətbiq etmək üçün dövlət lazımdır, o da İranda yoxdur. 

Ana dilini öyrənmək üçün isə sadəcə bir neçə dərs kitabı lazımdır. Əlbəttə ki, bu da çox təbiidir və bizim haqqımızdır".

358958

Məhsa Mehdili qeyd edib ki, Pezeşkianın Güney Azərbaycanda yaşayan həmyerlilərimizin ana dilində təhsil alması ilə bağlı bəyanatları əhəmiyyətlidir:

"Məsud Pezeşkian bunu seçim ərəfəsində və prezident seçiləndən sonra bir neçə dəfə dilə gətirib. Hesab edirəm ki, bu da önəmlidir. Güney Azərbaycan Milli Hərəkatının ödədiyi bədəllərdən sonra bir prezidentin bunu dilə gətirməsi çox mühümdür. Deməli, kifayət qədər təsirli ola bilmişik. 

Əslində, rejim tərəfindən Pezeşkianın prezidentliyə namizəd olması da bizim uğurumuzdur. O, bizim milli hərəkatının üzvü olmasa da, namizəd göstərilməsi və seçilməsi mübarizəmizin nəticəsi oldu. Ümumiyyətlə, Tehran rejiminin bizə ehtiyacı var. Bizimlə barışmaq məcburiyyətində olduqlarını bilirlər".

Buna rəğmən, həmsöhbətimiz Güney Azərbaycandakı soydaşlarımıza ana dilində təhsil almaq hüququnun veriləcəyinə inanmır:

"İran kimi qeyri-demokratik sistemlərdə demək çətindir. Ona görə də hakimiyyətin belə bir planın olacağını düşünmürəm. Bu, İranda böyük rezonans doğurar. 

Düşünürəm ki, güney azərbaycanlıların ana dilində təhsil almaq hüququ ilə bağlı verilən açıqlamalar sadəcə ictimaiyyəti sakitkəşdirmək üçün verilir. Bir növ "gözdən pərdə asmaq" məqsədi daşıyır. İnsanların haqqı olsa da, yaxın gələcəkdə bununla bağlı qərar veriləcəyindən ümidli deyiləm". 

Pərviz

0