Amerikanın “Boeing” aerokosmik korporasiyası 6,7 mindən çox əməkdaşını işdən azad etmək qərarına gəlib.
Cebhe.info xəbər verir ki, bu barədə “Boeing”in prezidenti və baş direktoru Devid Kelhunun korporasiyasının rəsmi saytında dərc olunan açıqlamasında bildirilir.
“Biz ötən ay elan olunmuş könüllü işdən azad olunma proqramını bitirdik, indi isə məcburi işdən azad olma proqramına keçirik. Bu proqram bu həftə ABŞ-dakı 6770 əməkdaşımıza şamil ediləcək”, - deyə açıqlamada qeyd olunub.
Qeyd edək ki, şirkət bu addımı koronavirus pandemiyasının yaratdığı maliyyə çətinlikləri səbəbindən atdığını elan etmişdi. Kelhun pandemiyanın korporasiyanın məhsul və xidmətlərinə tələbatı azaltdığını bildirmişdi.