Nazim İbrahimovun qardaşından təzminat TƏLƏB OLUNUR

HADİSƏ
20:59 / 03.10.2024
355

Bakının Binəqədi rayonunda bu il yanvarın 15-də “Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) ərazisində yerləşən mebel emalatxanasında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayışda təqsirli bilinən şəxslərin məhkəməsinin növbəti prosesi keçirilib.

Bizim.Media xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə zərəçəkmişlər və hüquqi varislər dindirilib.

Zərərçəkmiş Elvin Məmmədovun həyat yoldaşı və hüquqi varisi Gülnaz Məmmədova bildirib ki, ona həm maddi, həm də mənəvi ziyan dəyib:

"2015-ci ildə Saatlı rayonundan Bakıya köçmüşük. Yoldaşım Elvin Məmmədov Babək Nəzərovun sexində taxta kəsimi prosesində çalışırdı. O, partlayışda həyatını itirdikdən sonra biz çox çətin vəziyyətə düşdük. Bizim biri 9, digəri 3 yaşında olmaqla iki azyaşlı övladımız var. Bizə maddi kömək olunmasını istəyirəm. Kirayədə qaldığımıza görə evlə təmin edilməyimizi istəyirəm".

G.Məmmədova əlavə edib ki, hadisədən sonra Tağı İbrahimovun qohumları onlara dəstək olublar:

"T.İbrahimovun qohumları ailəmə 5 min manat ödəyiblər. Dedilər ki, bu barədə tapşırığı Tağı verib".

Digər zərərçəkmiş Fərid Qubadovun həyat yoldaşı Elnarə Qubadova hüquqi varisi qismində çıxış edib:

"Həyat yoldaşım Fərid Qubadov həmin zavodda daş sexini icarəyə götürmüşdü. Öz işçiləri ilə birgə orada işləyirdi. Mənə dediyinə görə, onun aylıq 5-6 min manat gəliri olub. İcarəyə götürdüyü obyektin Tağı İbrahimova məxsus olduğunu bilirdim. Amma o, icarə pulunu Anar adlı şəxsə ödəyirdi".

Anar məhkəmə zalında iştirak etdiyi üçün bu faktı təsdiqləyib. Əlavə edib ki, icarə haqqını o, sexdən alıb zavoda ödəyib.

Daha sonra iş üzrə zərərçəkmiş Fərrux Hüseynov ifadəsində bildirib ki, partlayışda ona külli miqdarda maddi ziyan dəyib:

"Mənim həmin zavodda mebel sexim olub. Oranı Toğrul Rzayevdən icarəyə götürmüşdüm. İcarə haqqını da ona verirdim. 10 ildir ki, zavodda müdirimin yanında işləyirdim. 2 il öncə işlədiyim sexi icarəyə götürdüm. O zaman Toğrul məndən vəsiqəmi aldı və bildirdi ki müqavilə bağlayacaq. Daha sonra bununla bağlı məlumatım olmadı.

Ümumilikdə mənə 113 min manat maddi ziyan dəyib. Çünki zavoddakı sexlər bir-birinə bitişik binalar olub və partlayış hamısına təsir edib. Eyni tavanın altında yerləşən binalardan söhbət gedir. Sadəcə qapıları fərqliydi. İşimiz mebelə aid bütün tullantıları toplamaqdan ibarət olub.

Ziyan isə işlətdiyimiz avadanlıqların məhv olması nəticəsində dəyib. Özümdən başqa 5 işçim olub. İkisinin avtomobili yanıb, biri də yüngül dərəcəli bədən xəsarətləri alıb.

Ona dəyən ziyan isə ödənilməyib.

Zərərçəkmiş şəxs sexdə yanğından mühafizə üçün avadanlıqların mövcud olmadığını da bildirib.

Digər zərərçəkmişlərdən Solmaz Abbasovanın oğlu Tural Həsənov deyib ki, keçirdiyi şokun təsirindən hələ də ayıla bilməyib:

"Anam həmin zavodun binasındakı tikiş sexində işləyirdi. İşlədiyi yerin dəqiq harada yerləşdiyini bilmirəm. Hadisəni də işlədiyi yerə gələndə öyrəndim. Həmin günü anama zəng etmişdim. Ona zəng çatmayanda narahat oldum. İş vaxtı bitdikdən sonra anam evə qayıtmadı və mən narahat oldum. Gedə biləcəyi yerlərə zəng etdim. Daha sonra partlayış yerində olanları öyrəndim. Özümə gələ bilmədiyim üçün bütün hüquqi proseslərlə dayımgil məşğul olub”.

Daha sonra hadisə yerində həyatını itirmiş Aydın Atakişiyevin oğlu Bəhram Atakişiyevin ifadə verərək bildirib ki, tək tələbi onlara dəymiş ziyanın ödənilməsidir.

Əlavə edib ki, A.Atakişiyev Vahid adında şəxsin yanında işləyib. Atası ümumilikdə 10 il zavodda çalışıb.

Növbəti proses 22 oktyabr tarixinə təyin edilib.

Qeyd edək ki, bu il yanvarın 15-də paytaxtın Binəqədi rayonunda “Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin ərazisində yerləşən mebel emalatxanalarında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla müşayiət olunan partlayış baş verməsi faktı əsasında Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

İbtidai istintaqla ASC-nin faktiki sahibi, 1962-ci il təvəllüdlü Tağı İbrahimov və ASC-də inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən, 1992-ci il təvəllüdlü Toğrul Rzayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxslər kimi bu qaydaları ehtiyatsızlıqdan pozaraq 10 nəfərin ölümünə, 23 nəfərin isə xəsarət almasına, habelə ASC-nin ərazisində olan əmlaklara və təbiətə maddi ziyan vurmaqla digər ağır nəticələrə səbəb olmaları, həmçinin Tağı İbrahimovun xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Tağı İbrahimova Cinayət Məcəlləsinin 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə, Toğrul Rzayevə isə həmin Məcəllənin 225.3-cü maddəsi ilə yekun ittiham elan edilib, onların hər ikisi barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Onu da qeyd edək ki, Tağı İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovun qardaşıdır. 

0