Xaricdə diplom alanlar nə etməlidirlər? - Mütəxəssis DANIŞDI

ÖLKƏ
09:53 / 04.10.2024
331

"Xaricdə təhsil alan tələbələrin diplomlarının ekvivalentliyinin ölkəmizdə tanınmaması, yəni həmin xarici diplomun Azərbaycan təhsil sisteminə və əmək bazarına uyğun olmaması bugünkü ali təhsil sektorunda yaşanan ən böyük problemlərdən biridir". 

Bu sözləri təhsil eksperti Cahid İmanlı Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, son dövrlərdə bu sahədə tələbələrin xeyrinə ciddi dəyişikliklər edilib və diplomların tanınması prosesi sadələşdirilib:

"Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq və ikitərəfli müqavilələrdə nəzərdə tutulduğu halda xarici diplomun tanınması ümumiyyətlə ekspertizaya cəlb olunmadan təsdiq edilir. Digər hallarda isə bütün diplomlar ekspertizadan keçərək müsbət rəy almaqla şəhadətnamə ilə Azərbaycanda rəsmi diplom kimi təsdiqlənməlidir. 

Açığı, son dəyişikliklərdən sonra artıq bütün "günah"lar tələbənin üzərində qalır. Çünki onlar əvvəlcədən diplomlarının tanınıb-tanınmayacağı haqqında ətraflı maraqlanıb tam məlumata malik olmalıdırlar".

359397

Ekspert qeyd edib ki, hazırda Azərbaycanda dövlət qeydiyyatlı rəsmi iş yerlərində tanınmayan xarici diplomlarla işə qəbul qeyri-mümkündür və rəsmi qurumlar tərəfindən də arzuedilən deyil:

"Diplomu tanınmayan tələbələr yalnız özəl sektorda işə düzələ bilərlər. Şübhəsiz ki, burada onların işə qəbulu üçün diplom kifayət etməyəcək. Tələbənin müvafiq sahə üzrə praktiki bacarıqları da olmalıdır. 

Dünya praktikasında özəl sektorda "diplom" anlayışı elə də çox əhəmiyyət kəsb etmir. Müəyyən sertifikatlarla da iş tapmaq mümkün olur. Lakin istənilən işə qəbulda eyni bacarıqlara malik şəxslər arasında seçim ediləndə şübhəsiz ki, diplomu olanlara daha çox üstünlük verilir".

Cahid İmanlı xaricdə aldığı diplomu ölkəmizdə tanınmayan tələbələrin nə etməli olduğunu da söyləyib:

"Diplomu tanınmayan tələbələr məhkəməyə də şikayət edə bilərlər. Ən son variantlardan biri kimi isə Azərbaycanda yenidən ali təhsil ala bilərlər".

Pərviz

0