Nə üçün digər klublarımız "Qarabağ" kimi uğurlu transferlər edə bilmir?

İDMAN
11:01 / 04.10.2024
537

Son illərdə "Qarabağ"ın transfer etdiyi legionerlərin böyük əksəriyyətinin uğurlu olduğunu görürük. Dünya bazarlarına görə ucuz hesab olunan transferlərlə "Köhlən atlar" yeni nailiyyətlər əldə edə bilirlər. 

Maraqlıdır, nə üçün digər klublarımız bənzər səviyyədə futbolçular gətirə bilmirlər? Yoxsa "Qarabağ" uğurlu çıxış etdiyi üçün yeni gələnlər də sistemə uyğunlaşır?

Tanınmış idman jurnalisti Natiq Muxtarlı Hit.az-a açıqlamasında deyib ki, “Qarabağ”da transfer siyasəti tamamilə məşqçilər korpusunun nəzarətindədir:

359402

"Yəni klub rəhbərliyi Qurban Qurbanova hansısa futbolçunu transfer etmək və ya etməmək barədə təzyiq etmir. “Qarabağ”ın rəhbərləri həm də menecer deyillər. Qurban Qurbanov da transfer siyasətini olduqca səliqəli həyat keçirir. Onsuz da Azərbaycan çempionatı zəif olduğu üçün bura sanballı legionerləri gətirmək mümkün deyil. 

Əlac qalır azad agent statusunda olanlara, potensialı olan, amma əvvəlki klublarında özlərini doğrulda bilməyənlərə. Qurban Qurbanov məhz belələrinə - amma oyun fəlsəfəsinə uyğun gələnlərə üstünlük verir, Onlar da bu mühitdə inkişaf edirlər". 

Mütəxəssis təəssüflə qeyd edib ki, digər klublarda isə belə vəziyyət yoxdur: 

"Sadəcə “Qarabağ” və “Zirə”ni çıxmaq şərtilə qalan klubların rəhbərləri həm də futbol menecerləridir. Onları ancaq alver düşündürür. Futbolumuzda belə tendensiyanın təməlini AFFA-nın sabiq baş katibi Elxan Məmmədov qoyub. O özü menecer olduğu üçün klubları da özünə yaxın şəxslərə tapşırmışdı və hamı alverlə məşğul idi. Hər transfer dönəmində 10 legioner gətirilir, 10 legioner yola salınırdı. 

Beləcə, dövlətin futbolun inkişafı üçün ayırdığı pul yuyulurdu. Bu tendensiya indi də davam edir. “Neftçi”də, “Sabah”da, “Səbail”də, “Sumqayıt”da heç nə dəyişməyib. Son transfer pəncərəsində statistikaya nəzər salsanız, bunu qabarıq şəkildə görə bilərsiniz. 10-12 futbolçunu yola salıb bir o qədər də gətirən klublar var".

Həmsöhbətimiz vurğulayıb ki, belə vəziyyətdə keyfiyyət ön planda olmur:

"Əsas odur ki, legioner gəlib burada 6 ay qalır, oynamasa belə, xeyli vəsait alır, amma onu Azərbaycana gətirən şəxsə də xeyli vəsait qazandırır. Kimdir o şəxslər? Hamısı klubların idarəçiliyindədir onlar.  

Azərbaycanda klub rəhbərləri ilə menecerlər əlbir olub dövlətin futbola ayırdığı vəsaiti 5-6 adamın arasında bölüşdürüb mənimsəyirlər. Azərbaycan futbolu korrupsiyanın işində boğulur. Bu təsərrüfatda böyük korrupsiya əməliyyatının keçirilməsinə ehtiyac var. 

Başqa ölkədə cəmisi 5 min avroya oynayan futbolçuya ayda 25-30 min avro məvacib verib onu bura gətirmək korrupsiya deyil, nədir? Azərbaycan futbolu menecer rəhbərlərdən – korrupsionerlərdən təmizlənməlidir. Futbolun inkişafı ilə bağlı ilk addım məhz buradan başlamalıdır. Yoxsa nə qədər vəsait ayrılır, ayrılsın, hamısını mənimsəyəcəklər və Azərbaycan futbolu da ancaq “Qarabağ”la təsəlli tapmalı olacaq".

Pərviz

0