Polkovnik-leytenant bilib pul verdilər, bərbər çıxdı

ÖLKƏ
15:28 / 04.10.2024
172

Azərbaycanda bərbər özünü polkovnik-leytenant kimi təqdim edərək dələduzluq etməkdə ittiham olunur.

“Qafqazinfo”nun istintaq materiallarından əldə etdiyi məlumata görə, 41 yaşlı Samir Nəsibov 13 nəfərə yaxşı qazanc vəd edərək onları aldadıb.

Bu işin istintaqı Bakı Şəhər Baş Polis İdarəsində aparılıb. Təqsirləndirilən şəxs zərərçəkmişlərlə razılığa gələ bilmədiyi üçün sözügedən İdarənin müstəntiqinin vəsatəti əsasında həbs edilib.

Yasamalda bərbər işləyən Samir Nəsibov zərərçəkmişlərin hamısını eyni cür aldadıb. O, özünü nüfuzlu şəxs və doğulduğu Gəncə şəhərində etibarlı ticarət əlaqələri olan biri kimi tanıdıb. Zərərçəkmişlərə deyib ki, Bakıdan daha ucuz qiymətə mobil telefonlar və qızıl-zinət əşyalarını Gəncədə “əl krediti” formasında satacaq, nəticədə yaxşı qazanc əldə edəcəklər.

Ona inanıb pul verənlərin bəziləri bərbər işlədiyi salonun müştəriləri, bəziləri isə paytaxtda qızıl-zinət əşyaları satan ticarət mərkəzində işləyənlərdir.

Maraqlıdır ki, Samir öz sevgilisini və onun rəfiqəsini də aldadıb. Evlənmək üzrə olduğu qadına və rəfiqəsinə Müdafiə Nazirliyində yüksək vəzifədə çalışdığını, polkovnik-leytenant rütbəsi daşıdığını bildirib. Rəfiqələr istintaqda deyiblər ki, Samirin yaşadığı eve gediblər və otaqlarda hərbi formalar görüblər. Bundan sonra daha çox inam yaranıb. Nəticədə Samir sevgilisinin 25 min manatlıq, onun Moskva Univermağında işləyən rəfiqəsinin isə 36 min manatlıq qızılını ələ keçirib. Onlar istintaq vaxtı üzləşmədə Samirin əməllərini üzünə deyərək onu ifşa ediblər.

İttihamda yazılıb ki, iş üzrə 13 zərərçəkmişə ümumilikdə 500 min manata yaxın ziyan dəyib. 

0