Şagirdlər öz yüklərini daşıyırlar, yoxsa Azərbaycan təhsilinin? - Çantası özündən ağır gələcək

SOSİAL
13:57 / 05.10.2024
246

Yəqin ki, küçədə, ictimai nəqliyyatda və digər yerlərdə çantası özündən ağır olan şagirdlərə tez-tez rast gəlirsiniz. O uşaqlar bu yükün əbədi olduğunu düşünürlər, mühüm missiya olduğunu qavramağa çalışırlar, bunu onlara təlqin edirlər, edirik. Bəs reallıq necədir? Asanı etmək yerinə niyə şagirdlərə yük payı ayırırıq? Skoliozlu, ağrılı, xəstəlikli yox, sağlam gələcəyi qurmaq çoxmu çətindir?

Niyə elektron dərs vəsaitlərinə keçmirik? Bunun üçün nə çatmır?

Təhsil eksperti Qoşqar Məhərəmov problemin mahiyyəti və çıxış yolları ilə bağlı Oxu.Az-a danışıb.

Q.Məhərrəmov sözügedən layihəni reallaşdıran ölkələrin olduğunu qeyd edib:

"Dünyada elektron dərs vəsaitlərinə keçən ölkələr var. Bunun üçün yaxşı nəzarət sistemi olmalıdır. Bacarıqlı bir mütəxəssis tərəfindən planşetlərdə elə bir sistem qurulmalıdır ki, orada müəyyən filtrlər olsun. Oyunların, lazımsız saytların girişinə məhdudiyyət mütləqdir. Çünki neqativ hallar ortaya çıxa bilir. Məsələn, Türkiyədəki "FATİH" layihəsini qeyd edə bilərik. Bu layihə çərçivəsində məktəblərin əksəriyyətinə planşetlər paylanmışdı. Ancaq şagirdlərin bir qismi bu planşetləri satmışdı, digər qismi isə oyunlar yükləmişdi. Sözügedən situasiya məqsədin xaricində bir addım idi. Silikon vadisindəki məktəblərə baxdığımız zaman hələ də ənənəvi alətlərdən istifadə olunduğunu görürük. Azərbaycanda bəzi özəl mətkəblərdə bu ideya reallaşdırılıb, elektron dərs vəsaitləri paylanılıb.

Ekspert əlavə edib ki, Azərbaycanda bütün məktəblərdə bu layihəni icra etmək mümkün deyil:

"Çünki özəl məktəblərdə kiçik auditoriya üçün qeyd edilən praktikanı reallaşdırmaq asandır. Lakin dövlət məktəblərində planşetlərə nəzarət üçün hər məktəbə ən azı bir İT mütəxəssisi lazımdır. Yəni çox sayda işçi heyətindən söhbət gedir. Məncə, dərslərin sayını azaltmaq daha uyğun addım olardı, nəinki kitabları planşetlərə yükləmək. Fikrimcə, hər sinifdə şagirdlərin özlərinə məxsus bir kitab rəfi olsa, onlar kitablarını orada saxlasalar, daha effektiv olar. Beləliklə, şagirdlər evlərində şəxsi kompüterlərindən, planşetlərindən istifadə edərək dərslərini hazırlaya bilərlər, məktəblərdə isə kitablardan istifadə etmək olar. Bu məsələ çox ciddi bir problemdir, şagirdlər çox ağır çantaları daşıyırlar, ona görə də alternativ addımlar atmağın vaxtıdır".

0