ABŞ və Rusiya Yaxın Şərqdə üz-üzə gələ bilər? - RƏY

DÜNYA
10:08 / 07.10.2024
288

"ABŞ və Rusiya tarixən bir çox bölgələrdə müxtəlif maraqlar səbəbindən bir-birinə qarşı mövqe tutublar". 

Bu sözləri Azərbaycan Yəhudi Media Mərkəzinin politoloqu Rüstəm Tağızadə Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, xüsusilə, "soyuq müharibə" dövründən bəri iki güc arasındakı rəqabət bir çox regionda özünü göstərib:

359630

"Məsələn, Avropa, Asiya və Latın Amerikası kimi bölgələrdə bu rəqabət müxtəlif formalarda yaşanıb. Yaxın Şərq də bu rəqabətin davam etdiyi vacib coğrafiyalardan biridir. Sözügedən regiondakı müharibələrdə ABŞ və Rusiya artıq müxtəlif cəbhələrdə bir-birilərinə qarşı mövqe tutublar. 

Suriya müharibəsi bu məsələdə əhəmiyyətli bir nümunədir. ABŞ burada öz maraqlarını qorumağa çalışdığı halda, Rusiya Suriya Prezidenti Bəşər Əsədi dəstəkləyərək bölgədəki nüfuzunu gücləndirib. Ümumiyyətlə, bu münaqişədə tərəflər birbaşa döyüş meydanında qarşılaşmayıblar, amma onların dəstəklədiyi qüvvələr qarşı-qarşıya gəliblər". 

Politoloq qeyd edib ki, gələcəkdə ABŞ və Rusiya Yaxın Şərqdə yenidən ciddi şəkildə üz-üzə gələ bilərlər:

"Xüsusən də İran məsələsi ətrafında gərginlik artdıqca, regiondakı enerji maraqları daha da mürəkkəbləşdikcə, bu iki güc arasında birbaşa və ya dolayı yolla yeni qarşıdurmaların baş vermə ehtimalı var. Bundan başqa, Yaxın Şərqdəki kürd məsələsi, İsrail-Fələstin münaqişəsi və bölgədəki digər aktorların mövqeləri də tərəfləri toqquşdura biləcək amillər arasında yer alır.

Lakin hər iki ölkənin də nüvə silahına sahib olmasını nəzərə alsaq, birbaşa hərbi qarşıdurmadan qaçmaq ehtimalı yüksəkdir. Bu halda, onların münaqişəni "hibrid müharibə" vasitəsilə, yəni dolaylı yollarla, müttəfiqlər vasitəsilə və ya iqtisadi sanksiyalar kimi metodlarla aparması daha real görünür". 

Pərviz

0