Bəzi valideynlər nə üçün uşaqlarını bağçaya qoymağa müsbət yanaşmırlar?

SOSİAL
14:14 / 07.10.2024
328

"Valideynlərin övladlarını bağçaya qoymaqla bağlı narahatlıqları bir sıra səbəblərlə əlaqəli ola bilər". 

Bu sözləri psixoloq Ülviyyə İlqar Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, bəzi valideynlər bağçaların uşaqlara dəyərli bacarıq və biliklər öyrətmədiyini düşünürlər:

359647

"Lakin bu yanaşma bir neçə aspektdən yanlışdır. Çünki onlar, bağçaların yalnız oyun və əyləncədən ibarət olduğunu düşünərək, real öyrənmə və inkişaf imkanlarını nəzərə almırlar. Uşaqlarına çox bağlı olan valideynlər onları erkən yaşda başqalarının himayəsinə verməkdə çətinlik çəkə bilərlər. Eyni zamanda, uşağın bağçaya qoyulması, onların ayrılma hisslərini artıraraq, valideynlərdə narahatlıq yarada bilər.

Həmçinin, bəzən valideynlər bağça seçiminin uşaqların gələcək uğurları üçün uyğun olmadığını fikirləşirlər. Çünki məktəbə hazırlaşma, siniflərdəki rəqabət və akademik tələblər onların ağlında daha ön plandadır. Bu səbəblərin hər biri valideynlərin bağçaya mənfi yanaşmasına təsir edə bilər və bu cür yanaşmaların aradan qaldırılması üçün onların məlumatlandırılması və doğru istiqamətləndirilməsi vacibdir". 

Psixoloq diqqətə çatdırıb ki, bağça uşaqların sosial bacarıqlarını inkişaf etdirmək üçün mükəmməl bir mühitdir:

"Uşaqlar burada paylaşma və dostluq qurma kimi bacarıqlarını öyrənirlər. Onlar, bağçada emosional tənzimləmə, münaqişələrin həlli və empatiya kimi emosional bacarıqları inkişaf etdirirlər. Bu, onların gələcəkdə sağlam münasibətlər qurmasına kömək edir.

Bağçalar uşaqlara erkən yaşda təhsil bacarıqları öyrətmək üçün strukturlu proqramlar təqdim edir. Bu, həm də məktəbə keçid üçün yaxşı bir hazırlıqdır". 

Həmsöhbətimiz qeyd edib ki, valideynlər övladlarını bağçaya qoymağa müsbət yanaşmalıdırlar:

"Valideynlər övladlarını bağçaya qoymaqla, onlara daha sağlam sosial, emosional və akademik bacarıqlar qazandırdıqlarını başa düşməlidirlər. Valideynlər bu mühitin uşaqların inkişafı üçün əhəmiyyətini dərk edərək, bağçaya qoyma qərarlarını daha müsbət bir şəkildə dəyərləndirə bilərlər".

Pərviz

0