Parlamentin komitələri: bəzilərində qadın yoxdur, digərinin 20 üzvü var

SİYASƏT
17:59 / 07.10.2024
219

Sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində mandat qazanan deputatlar artıq səlahiyyətlərinin icrasına başlayıb. Milli Məclisin ilk iclaslarında parlamentin sədr və sədr müavinləri, komitələrin sədrləri, sədr müavinləri və üzvləri seçilib.

Yeni çağırış parlamentdə 15 komitə fəaliyyət göstərəcək. Parlamentin komitələri artıq ilk iclaslarını keçirib, iş planları təsdiq edilib və müxtəlif qanun layihələrini parlamentin plenar iclasına tövsiyə ediblər.

Modern.az Milli Məclisin komitələrinin tərkibi ilə bağlı maraqlı məqamları araşdırıb.

Komitələrlə bağlı ilk dəyişiklik Milli Məclisin rəhbərliyinin onların işində iştirak etməməsidir. Əvvəllər Milli Məclisin sədr müavinləri bəzi komitələrə rəhbərlik edirdi. Yeni çağırışda bu qaydaya son verilib, sədr müavinləri nə komitələrlə rəhbərlik edir, nə də adi üzv kimi təmsil olunur.

Əvvəlki çağırışdan fərqli olaraq parlamentin 6 komitəsinin sədri dəyişib. Komitə sədrlərindən 10-u hakim Yeni Azərbaycan Partiyasının (YAP), biri Böyük Quruluş Partiyasının (BQP) deputatı, 4-ü isə bitərəfdir. Həmçinin parlament müxalifətinin 6 deputatı komitə sədrinin müavini postunu tutur. Komitə rəhbərliyində ilk dəfə seçilən deputatlar da təmsil olunur.

Məlum olub ki, parlamentin ən geniş tərkibli komitəsi Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsidir. Komitənin tərkibinə sədr və sədr müavini daxil olmaqla 20 deputat daxil edilib.

Qeyd edək ki, VI çağırış parlamentdə sözügedən komitənin tərkibində 16 deputat təmsil olunub. Yeni çağırışda komitənin tərkibi genişləndirilib, həmçinin Xarici İşlər Nazirliyində, eləcə də digər qurumlarda diplomatic təcrübəsi olan deputatlar komitənin tərkibinə daxil edilib. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın beynəlxalq nüfuzunun artması, beynəlxalq təşkilatlar və müxtəlif ölkələrlə əlaqələrinin genişlənməsi, həmçinin ölkəmizə qarşı erməni lobbisinin dəstəyi ilə baş verən hücumlar sözügedən komitənin genişləndirilməsi ehtiyacını yaradıb.

Milli Məclisin ikinci ən geniş komitəsi elm və təhsildir. Burada sədr və sədr müavini ilə birlikdə 18 deputat təmsil olunur. Müdafiə və təhlükəsizlik komitəsi isə 16 deputatla sayca üçüncü yerdədir.

Komitələrin cins tərkibində də maraqlı məqamlar diqqət çəkib. Belə ki, parlamentin 3 komitəsinin tərkibində xanım deputatlar təmsil olunmur. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi, Aqrar siyasət komitə və Regional məsələlər komitəsinin üzvlərinin hamısı kişidir. Ailə, qadın və uşaq məsələləri komitəsində isə qadınlar dominantlıq edir. Sözügedən komitənin 12 üzvündən sadəcə ikisi kişidir.

0