Avropa İttifaqının daxili sərhədləri olan Almaniya sərhədlərində nəzarət uzun müddət davam edəcək.
HİT.az xəbər verir ki, Almaniya kansleri Olaf Şolts RTL telekanalının “Olaf Şoltsla masa arxasında” verilişinin efirində belə proqnoz verib.
“Biz bunu mümkün olduğu qədər edəcəyik. Və bu uzun müddət olacaq”, deyə Şolts bildirib.
Bu məsələ ilə bağlı o, qonşu ölkələrdəki həmkarları ilə əlaqə saxlayır. Hökumət başçısı onu da bildirib ki, Almaniyada ağır cinayətlər törətmiş əcnəbilərin deportasiyalarının sayı artmalıdır, çünki belə insanlar bu ölkədə müdafiə hüququnu itirirlər.
O, ümid etdiyini bildirib ki, bu, ictimai təhlükəsizliklə bağlı vəziyyətin pisləşməsinin qarşısını alacaq. Şolts müvafiq işlərə baxarkən hüquq-mühafizə orqanlarının və məhkəmələrin "daha cəsarətli" olacağını gözləyir.
“Biz daha cəsarətli olmalıyıq, o cümlədən məhkəmə praktikasında müəyyən cinayətlərə sərt reaksiya verməliyik”, deyə siyasətçi qızı qaçqın tərəfindən öldürülən kişinin sualını cavablandırıb.
Xəbər verildiyi kimi, bu il sentyabrın 16-dan Almaniyanın bütün quru sərhədləri icazəsiz girişlərin sayını məhdudlaşdırmaq üçün nəzarətə götürülüb. Oxşar nəzarətlər ötən ilin oktyabrından Polşa, Çexiya və İsveçrə ilə, 2015-ci ilin payızından isə Avstriya ilə sərhədlərdə tətbiq edilib. Beləliklə, Fransa, Lüksemburq, Niderland, Belçika və Danimarka ilə sərhədlər əlavə edildi. Bütün hallarda tədbirlər 6 ay müddətində tətbiq edilir, lakin sonra davam etdirilir.
Almaniyanın daxili işlər naziri Nensi Feserin sözlərinə görə, bu tədbirlər insan qaçaqmalçılarının biznesini dayandırmaq üçün lazımdır. Bununla belə, Almaniyanın bir çox qonşuları və Avropa Parlamentindəki bir çox siyasətçilər Almaniyanın hərəkət azadlığına bu cür məhdudiyyətlər qoymasından narazıdırlar.
Samir