Xanımı Polad Həşimovla ilk görüşlərindən danışdı - FOTO

ÖLKƏ
11:49 / 10.10.2024
316

Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun xanımı Ofelya Salmanova həyat yoldaşı ilə bağlı xatirələrini bölüşüb.

O, "Azərbaycan" qəzetinə verdiyi müsahibəsində ilk görüşləri ilə bağlı xatirələrini danışıb:

"Tarixini xatırlamıram. O ay, o gün yadımda qalmayıb. Yaz ayları idi. Polad hərbi formada deyildi, kostyum geyinmişdi. O vaxtadək onu tanımamışdım. Bizim uzaq qohumluğumuz olub. Polad da mənim kimi Qəbələnin Vəndam kəndindən olsa da, Sumqayıtda böyüyüb. Həm də hərbçi idi, kəndə çox az gəlirdi. Ailəsi onu evləndirməyə qərar verəndə məni məsləhət görüblər. Deyiblər ki, belə bir yaxşı ailənin yaxşı qızı var. Valideynlərimə də məlumat veriblər. İki ailə qərar verdi ki, əvvəlcə bizi görüşdürsünlər. O dövrdə indiki kimi telefon, sosial şəbəkə yox idi ki, şəkillərimizi bir-birimizə göstərsinlər.

Polad Həşimov bir dəfə kənddə toya gələndə məni görübmüş. Ancaq adımı və kimin qızı olduğumu öyrənməyə macal tapmadan hərbi hissəyə qayıdıbmış. Biz görüşəndə o anladı ki, mən elə toyda gördüyü həmin qızam. Mən isə ilk baxışdan onun dövrünün gənclərindən çox fərqləndiyini hiss etdim. İyirmi səkkiz yaşı vardı. Çox çətinliklərdən keçən insanlar yaşıdlarından daha yetkin olurlar. Onun da dünyagörüşü, danışığı, həyata baxışı, fikirləri çox fərqli idi. Mən də magistraturada ikinci kursda oxuyurdum, iyirmi üç yaşım vardı, artıq həyata öz baxışım, öz yanaşmam formalaşmışdı", - deyə Ofelya Salmanova bildirib.

"Fikirləşirdim ki, bu oğlanı ilk dəfədir görürəm, söhbət edirəm, amma axı niyə bu qədər rahat olmalıyam? Utanmalıyam, ya da naz etməliyəm. Bunları etmirəm axı... Yaxın insanlar kimi söhbət edirdik. Özünə güvəni o qədər yüksək idi ki, ilk andan mənimlə evlənmək barədə danışmağa başladı. Gül alsın, qızın xoşuna gələn sözlər deməyə çalışsın... Yox, elə bir şey etmədi. İkinci dəfədir məni görür, elə danışır, sanki dünən ayrılmışıq. Gümüş bir üzük uzatdı mənə: "Gör barmağına olur bu üzük", - dedi və getdi. Sanki mənə evlilik təklifi edib, "hə" cavabı alıb və indi də qalıb üzük verməyi. Onun ardınca baxa-baxa qaldım. Sonra məni gülmək tutdu. Öz-özümə dedim ki, bu, əsl mənim istədiyim insandır. Sanki zaman içində zaman yaratmalı idi Polad. O uzun yollardan keçib gəlməli, məni görməliydi. Və vaxtında hərbi hissədə olmalı idi. Bunların hamısını edə bilmişdi. Bir-iki aydan sonra nişanlandıq", - deyə o qeyd edib.

0