Birləşmiş Ştatların qardaş ölkəni beynəlxalq ödəniş sistemi SWIFT-dən ayırmaq və dollarla ödənişləri kəsməklə hədələməsinin pərdəarxası məqamları
ABŞ Rusiya ilə əməkdaşlığa görə Türkiyəni beynəlxalq ödəniş sistemi SWIFT-dən ayırmaq və dollarla ödənişləri kəsməklə hədələyib. Bu barədə Türkiyənin Vətən Partiyasının sədr müavini Hakan Topkurulu bildirib.
Onun sözlərinə görə, bununla bağlı Ankara Moskva ilə ticarət dövriyyəsini azaltmalı olur: “Türkiyə Vaşinqtonun təzyiqinə qarşı çıxa bilməz”.
Qeyd edək ki, Türkiyə Rusiyaya qadağan olunan avadanlıq və texnologiyaların çatdırılması vasitəçisi kimi 2023-cü ilin payızından ABŞ-ın diqqətini “cəlb” edib. Buna səbəb 2022-2023-cü illərdə Türkiyənin Rusiyaya ixracında qeydə alınan kəskin artımdır. Ötən il ərzində bu ixracat, xüsusilə də texnika, elektronika avadanlıqları, maşınqayırma dəzgahları və sair istiqamətlərdə 100 faizə yaxın artım nümayiş etdirib. Bu artımla bağlı araşdırmalar reeksportun əsasən Rusiya vətəndaşlarının Türkiyədə qurduqları şirkətlər vasitəsilə həyata keçirildiyini üzə çıxarıb. Ötən ilin payızından etibarən ABŞ Maliyyə Nazirliyinin sanksiya siyahılarında Türkiyədən olan belə şirkətlər əks olunmağa başlayıb. 2023-cü ilin dekabrında prezident Co Bayden Maliyyə Nazirliyinə Qərbin Rusiyaya ixracını qadağan etdiyi məhsulların bu ölkəyə çatdırılması üzrə ticarət əməliyyatlarını maliyyələşdirən maliyyə qurumlarına ikincili sanksiyalar tətbiq etmək səlahiyyəti verdikdən sonra Türkiyə-Rusiya ticarətində böyük problemlər yaranıb. 2024-cü ilin fevalında Türkiyədən Rusiyaya ixrac 70 faizə qədər azalıb. Lakin sonrakı aylarda əməliyyatları qismən maliyyələşdirmək imkanı yaradıldı. Bu imkan yalnız tekstil, əczaçılıq, kənd təsərrüfatı və sair məhsulları əhatə edir.
Türkstatın təfərrüatlı məlumatlarından aydın olur ki, ilin birinci yarısında Türkiyədən Rusiyaya avadanlıq və mexaniki cihazların ixracının həcmi (Xarici Mallar Nomenklaturası 84-cü qrupu - qazanlar, generatorlar, turbinlər, daxili yanma mühərrikləri, nasoslar, qaldırıcı mexanizmlər və s.) 961 milyon dollar təşkil edib. Bu, 2023-cü ilin birinci yarısı(1,32 milyard dollar) ilə müqayisədə 27 faiz azalma deməkdir. Elektrik avadanlıqlarının ixracı (qrup 85) 48 faiz azalaraq 205 milyon dollara (ötən ilin eyni dövründə - 390 milyon dollar) düşüb. Türkiyədən Rusiyaya plastik və onlardan hazırlanan məmulatların tədarükü 249 milyon dollara qədər azalıb (illiklə müqayisədə 28 faizŞ 347 milyon dollardan).
Aprel-may aylarında ikincili sanksiyalar qorxusu ilə Türkiyə banklarının əksəriyyətində Rusiya ilə ticarət əməliyyatlarının maliyyələşdirilməsi üçün bir neçə mərhələli yoxlamalar tətbiq olundu. Lakin bu da Rusiyaya ikili ixracın qarşısını tam almadığına görə ABŞ-dan yeni sanksiya hədələri gəlməyə başlayıb.
Avqust ayında Financial Times ABŞ-ın Rusiyaya texnologiya ixrac etdiyinə görə Türkiyəni sanksiyalarla hədələdiyinə dair materialla çıxış edib. Məlumatda qeyd olunub ki, Vaşinqton Türkiyənin Rusiyaya Qərb istehsalı olan elektronikanın tədarükü üçün əsas kanala çevrilməsindən narahatdır. Söhbət hərbi məqsədlər üçün istifadə oluna bilən prosessorlar, yaddaş kartları, gücləndiricilər və digər avadanlıqlardan gedir.
ABŞ ticarət nazirinin köməkçisi Metyu Akselrod deyib: “Türkiyə hakimiyyət orqanlarından və sənayesindən sürətlə irəliləyiş görməliyik, əks halda, bizim ixraca nəzarətimizdən yayınanlara qarşı sanksiyalar tətbiq etməkdən başqa çarəmiz qalmayacaq”.
Sentyabrda məlum oldu ki, Türkiyəli ixracatçılar ABŞ-ın sanksiyalar təzyiqi fonunda Rusiya ilə ticarət problemlərinin həllində dövlət orqanlarından kömək istəyiblər. İxracatçı şirkətlərdən verilən məlumatlardan aydın olur ki, ölkələr arasında ödənişlərdə yaranan çətinliklər artıq Türkiyənin elektronika, metallurgiya və avtomobil istehsalı sahələrində ixracatının əhəmiyyətli dərəcədə azalmasına səbəb olub. Azalma təxminən 30 faiz təşkil edib.
Türkiyə Maşınqayırma İxracatçıları Birliyi (MAİB) tərəfindən açıqlanan məlumata əsasən yanvar-avqust aylarında Türkiyənin sərbəst zonalar daxil olmaqla cəmi məhsul ixracı 18,3 milyard dollar təşkil edib. Avqust ayında aylıq 2,4 milyard dollarlıq ixracatla son 12 aylıq ortalamaya yaxın bir nəticə əldə edən sektor avqustda ABŞ-a təxminən 200 milyon dollarlıq maşınqayırma məhsulları satıb. Nəticədə bu ölkəyə 8 aylıq ixracat 12,2 faiz artımla 1,4 milyard dollara çatıb. Bu sahədə ilk yerdə qərarlaşan Almaniyaya yanvar-avqust ayları ərzində 2,3 milyard dollarlıq, üçüncü yerdə gələn Rusiyaya 1,4 milyard dolalrlıq maşın və avadanlıqlar ixrac edilib. Rusiyaya ixracatda 17,9 faizlik azalma baş verib.
Türkiyənin Rusiyaya polad ixracı da 2024-cü ilin yanvar-avqust dövründə 2023-cü ilin eyni ayına görə 5 faiz azalaraq 127,3 milyon dollara düşüb. Türkiyə Ticarət Nazirliyinin məlumatına görə, 2024-cü ilin avqust ayında Türkiyə Rusiyaya 20,2 milyon dollar dəyərində polad məhsulları ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25 faiz çoxdur.
Türkiyədən Rusiyaya tekstil məhsulları ixracı 2024-cü ilin yanvar-avqustunda əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15,8 faiz azalaraq 226,3 milyon dollara düşüb. Türkiyə Ticarət Nazirliyinin verdiyi açıqlamaya görə, təkcə avqust ayında Rusiyaya tekstil ixracı 13,7 faiz azalaraq 28,2 milyon dollar olub.
Türkiyənin ümumi tekstil ixracatı isə eyni dövrdə 1 faiz azalaraq 6,2 milyard dollara düşüb.
Rusiyaya qarşı artan sanksiyaların təsiri ilə Türkiyənin bu ölkəyə ixracatı ilin ilk 8 ayında 18,7 faiz azalaraq 5,1 milyard dollara düşüb. Bu zaman ən çox təsirlənən sektorlardan biri taxıl, paxlalı bitkilər, yağlı bitkilər və onların məhsulları olub. 2023-cü ilin yanvar-avqust aylarında Rusiyaya 240,6 milyon dollar ixrac edən taxıl məhsulları istehsalçıları, bu ilin eyni dövründə 33,6 azalma ilə cəmi 159,7 milyon dollarlıq ixraca nail ola biliblər.
TİM Taxıllar Bakliyat Yağlı Toxumlar və Məhsullar Sektoru İdarə heyətinin sədri Əhməd Tiryakioğlunun dediyinə görə, Qərb ölkələrinin genişlənən sanksiya qərarlarının Rusiyaya ixraca təsiri 8 ayda 1,2 milyard dollara çatıb: “Baxmayaraq ki, bu sanksiyalar əsasən müdafiə sənayesi, logistika və aviasiya kimi müharibə ilə əlaqəli sektorları hədəf alır, ərzaq ticarətimizdə itkilər oldu”.
Türkiyə bankları bu yaxınlarda Rusiya ilə əlaqəli əməliyyatlara xidmət göstərməyi dayandırmağa çalışıb. Əksər əməliyyatlar bir banka - Emlak Katılıma yönləndirilir. Hazırda yalnız bu maliyyə qurumu rus rublu/türk lirəsi cütlüyündə əməliyyatlar həyata keçirir. Eyni addım Belarusla ticarətdə də atılır. Bu yolla Türkiyənin maliyyə qurumları Rusiya və Belarusla işləmək üçün ikinci dərəcəli sanksiyalardan qorunmağa çalışırlar.
Sentyabr ayında ABŞ Maliyyə Nazirliyi öz ərazisində Rusiya banklarının törəmələrinin açılmasına imkan verən ölkələrə xəbərdarlıqla çıxış edib. Həmin xəbərdarlıqda bildirilir ki, Rusiya hərb sənayesində istifadə edə biləcəyi məhsulların idxalını təmin etmək üçün müxtəlif ölkələrdə sanksiya siyahısına düşməyən banklarının törəmələrini yaradır. Nazirlik bəyan edib ki, hətta ana bank sanksiya siyahısında olmasa da, belə törəmələrin qadağan olunmuş məhsulların Rusiyaya çatdırılmasında iştirakı aşkarlanan kimi onların yerləşdiyi ölkələrin maliyyə sistemlərinə qarşı sanksiyalar işə salınacaq. Bundan əlavə, həmin törəmələr üzərindən əməliyyat edən bütün fiziki və hüquqi şəxslər avtomatik olaraq sanksiya siyahısına əlavə ediləcək.
Eyni zamanda ABŞ Rusiya Mərkəzi Bankının yaratdığı xüsusi ödəniş sistemini də sanksiya siyahısına salıb. Nəticədə, yalnız Türkiyədə deyil, Rusiyanın ən böyük ticarət tərəfdaşı olan Çində də böyük problemlər meydana çıxıb. Artıq Çinin demək olar ki, bütün iri və regional bankları Rusiya fiziki və hüquqi şəxslərinə xidməti dayandırıblar. Eyni addım Birləşmiş Ərəb Əmirliklərində də atılıb. Postsovet ölkələrindən Qazaxıstan, Qırğızıstan, Ermənistan, Özbəkistanda da banklar Rusiya şirkətlərinə xidməti demək olar ki, tamamən dayandırıblar. Belə xidməti yalnız həmin ölkələrdəki Rusiya törəmə bankları həyata keçirir. ABŞ-ın hazırda məhz törəmə bankları hədəf alması göstərir ki, tezliklə postsovet məkanındakı Rusiya törəmə bankları da sanksiya siyahısına salınacaq.
Qeyd olunanlar göstərir ki, ABŞ ayrılıqda Türkiyəni deyil, Rusiyaya ikili təyinatlı malların çatdırılmasında iştirak edən bütün ölkələri hədəf alıb. Onların sayı kifayət qədər çox, bir çoxlarının ABŞ və Qərb üçün əhəmiyyəti kifayət qədər böyükdür. Bu baxımdan, ya Türkiyənin, ya da digər ölkələrin SWIFT-dən ayrılması kimi sərt addımların atılması gözlənilən deyil. Konkret Türkiyəyə münasibətdə bütün ölkənin SWIFT-dən ayrılması deyil, hansısa bankın ABŞ-dakı müxbir hesablarının dondurulması kifayətdir. Bu halda həmin bankın SWIFT-ə yolu bağlanmış olacaq ki, bu da Qərb maliyyə strukturların sıx inteqrasiya olunmuş banklar üçün iflasa bərabər bir cəza olacaq. Məhz buna görə də Türkiyənin bütün iri bankları Rusiya ilə ticarət əməliyyatlarının maliyyələşdirilməsindən geri çəkilib, rusiyalı müştərilərə xidmət növlərini minimuma endiriblər.
Aydın məsələdir ki, ixracatının 70 faizdən çoxu Avropa İttifaqı və ABŞ-a yönələn Türkiyə sanksiya təhdidlərini nəzərə almaya bilməz. Hətta dünyanın ikinci böyük iqtisadiyyatına malik Çin belə ABŞ sanksiyalarına görə Rusiya ilə təhlükəli məhsullar üzrə ticarəti minimuma endirirsə, Türkiyənin bunun əksini edəcəyini gözləmək sadəlövhlük olardı. Nəzərə alsaq ki, Çinin Rusiya ilə birbaşa sərhədi var və ticarətin “əlbəəl” maliyyələşdirilməsi imkanına malikdir, Türkiyənin heç belə imkanı da yoxdur: göndərilən mallar hansısa mərhələdə qeydə alınır. Belə bir şəraitdə Türkiyə hökuməti və banklarının ehtiyatlı davranmalarının əsassız olmadığını görürük.(Yeni Müsavat)