"Qərb Gürcüstanda hakimiyyəti dəyişməyə çalışır" - AÇIQLAMA

DÜNYA
11:25 / 15.10.2024
233

"Gürcüstan son illərdə Rusiya ilə Qərb arasında siyasi çəkmişmə meydanına çevrilib". 

Bu sözləri "Report" İnformasiya Agentliyinin əməkdaşı, siyasi analitik Kənan Novruzov Hit.az-a açıqlamasında deyib.

O, fikirlərini belə əsaslandırıb:

"Həm Rusiyanın, həm də Qərbin Cənubi Qafqazla bağlı maraqları var. Hər iki tərəf regionda öz təsir güclərini artırmağa çalışır. Bu da onların öz ambisiyalarından xəbər verir. 

Rusiya da, Qərb də başa düşür ki, Gürcüstanda kimin təsir rıçaqları daha çox olsa, Cənubi Qafqazda da təsir imkanlarına malik olacaq. Tərəflərin Gürcüstan uğrunda rəqabət aparmasının kökündə məhz bu dayanır". 

360189

Politoloq qeyd edib ki, Qərb Gürcüstanda hakimiyyəti dəyişməyə çalışır:

"Bu isə Qərbin ikiüzlülüyünü nümayiş etdirir. Çünki demokratiyadan danışan və pərdə arxasında müxtəlif məkrli planlar quran Qərb Gürcüstanda demokratik seçkilərə mane olmağa çalışır. Qərb hazırda Gürcüstanda hakimiyyətin dəyişməsində maraqlıdır. 

Əvvəllər də Qərbin müxtəlif ölkələrdə seçkilərə müdaxiləsinin şahidi olmuşuq. Əgər Qərb Gürcüstanda hakimiyyəti dəyişməyi bacarsa, Cənubi Qafqaza soxulması üçün yeni plasdarm yaranacaq".

Lakin Kənan Novruzov onu da əlavə edib ki, Rusiya Gürcü Arzusu Partiyasının hakimiyyətini qorumağa çalışır:

"Ona görə ki, mövcud Gürcüstan iqtidarı Kremlə sərf edir. O baxımdan, yaxın günlərdə Rusiya ilə Qərb arasında Gürcüstan uğrunda çəkişmənin daha gərgin fazasının şahidi olacağıq. Hətta bu müxtəlif aksiyalar və ya mitinqlərlə meydanlarda da müşahidə oluna bilər".

Pərviz

0