İtaliya Rusiya aktivlərindən istifadə edərək Ukrayna üçün kredit üzərində işləyir

DÜNYA
15:22 / 15.10.2024
119

İtaliyanın baş naziri Corcia Meloni bildirib ki, Roma Ukraynaya Rusiyanın dondurulmuş aktivləri hesabına ödəniləcək kreditin verilməsinə dair razılaşmanın həyata keçirilməsi üzərində işləyir. 

HİT.az xəbər verir ki, bu barədə “Reuters” yazıb.

Agentlik xatırladıb ki, iyun ayında illik sammit zamanı G7 ölkələri Ukraynaya Rusiya Federasiyasının dondurulmuş aktivlərindən istifadə etməklə qaytarılacaq kreditin ayrılması barədə razılığa gəliblər.

Meloni əmin edib ki, bu sazişin həyata keçirilməsi istiqamətində işlər davam edir.

"Biz İtaliyanın G7-yə sədrliyinin mühüm nəticəsi olan Avropada dondurulmuş Rusiya aktivləri üzrə hesablanmış faizlərlə təmin olunmuş Ukraynaya kreditlə bağlı sazişin həyata keçirilməsi üzərində işi davam etdirəcəyik", deyə İtaliyanın baş naziri bildirib.

Avropa İttifaqının Avropa Komissiyasının Ukraynaya 35 milyard avroluq kredit təklifi ilə bağlı razılığa gəlməsi faktı sentyabrda məlum olub. Təşəbbüs kreditin qaytarılmasına zəmanət vermək üçün Rusiya aktivlərinin dondurulması müddətinin 6 aydan 36 aya qədər artırılmasını nəzərdə tutur ki, bu da Aİ Şurasında yekdillik tələb edir.

Bu kredit, Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlər də daxil olmaqla, Kiyevə 50 milyard avronun ayrılmasını nəzərdə tutan G7 ölkələrinin daha geniş layihəsinin bir hissəsidir. “Financial Times”ın yazdığına görə, 35 milyard avro məbləğində vəsait Macarıstanın müqavimətindən qaçan və ABŞ-ı prosesə cəlb etməyən kompromis olub.

Samir


 

0