Hazırda kirayə mənzillər neçəyə təklif olunur? - QİYMƏTLƏR

İQTİSADİYYAT
10:41 / 16.10.2024
351

"Kirayə mənzil bazarında sentyabr ayından etibarən qiymətlərdə müəyyən qədər artım müşahidə olunur".

Bu sözləri əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, bunun səbəbi yeni tədris ilinin başlaması ilə əlaqədar olaraq tələbələrin paytaxta axın etməsidir:

"Bu da təbiidir. Çünki birdən-birə bazara kütləvi sayda kirayə mənzil axtaran daxil olur. Fürsətdən istifadə edənlər də qiymətləri bir qədər qaldırırlar. Oktyabr ayından isə qiymətlər əvvəlki vəziyyətinə qayıtdı. Yəni əvvəl 400 manata təklif olunan mənzili bu gün 300-350 manata kirayələmək mümkündür. 

Demək olar ki, artıq qiymətlər stabilləşib. Doğrudur, hələ də kirayə ev tapmaq bir qədər çətindir. Xüsusilə tələbələr üçün kirayə ev tapmaq çətin bir problemə çevrilib. Bu gün bazarda təklif var, lakin həmin təkliflər tələbələrin və onların valideynlərinin gücü çatmayan məbləğlərdə olur".

360254

Ekspert qiymətlər barədə də danışıb:

"Bir otaq üçün 400-450 manat kirayə haqqı tələb olunur. Hətta bəzən bu rəqəm 500 manata qədər çıxa bilir. Lakin tələbələr üçün bu məbləği ödəmək çox ağırdır. Buna görə də 3-4 tələbə birləşərək 1 otaqlı evi kirayələməyə məcbur olurlar.

Hazırda fərdi yaşayış evlərinin kirayəsi 250 manatdır. Bu, ümumi həyətlərdə olan kiçik otaqlı fərdi evlər üçün xarakterikdir. Köhnə binalarda isə 1 otaqlı mənzilin kirayə qiyməti 350 manatdan başlayır. Metro yaxınlarında isə bu qiymət minimum 400 manatdan təklif olunur".

Mütəxəssis 2-3 otaqlı evlərin kirayə qiymətləri barədə də məlumat verib:

"2 otaqlı mənzillərin qiymətləri təxminən 400, 3 otaqlılar isə 500 manatdan başlayır. 500 manata təklif olunan 3 otaqlı mənzillər köhnə binalarda yerləşir və bir çox hallarda ev sahibi tərəfindən əşyalar verilmir. Lakin 600 manat və ya daha baha qiymətə təklif olunan mənzillər isə əşyalarla təmin olunur". 

Ramil Qasımzadə kirayə mənzil bazarında ən baha və ən ucuz olan rayonların adlarını da çəkib:

"Kirayə mənzilləri ən baha olan rayonlar Nəsimi, Nərimanov, Səbail və Yasamalın "Elmlər Akademiyası" metrosunun yanında olan evlərdə təklif olunur. Nisbətən ucuz olanlar isə Xətai və Nizami rayonlarıdır. Suraxanı, Sabunçu və Qaradağ rayonunda isə daha ucuz kirayə evlər tapmaq mümkündür.

Ümumiyyətlə, yeni tikililərdə isə 1 kvadratmetr 8-10 manatdan başlayır. Hesab edirəm ki, ilin sonuna qədər kirayə mənzil bazarında qiymətlər bu civarda qalacaq. Hansısa bahalaşmanın olacağı gözlənilmir". 

Pərviz

0