Gəlirli market açmaq üçün nələri bilmək lazımdır?

İQTİSADİYYAT
14:14 / 17.10.2024
306

Bəzən ətrafımızda əlində müəyyən qədər vəsaiti olan insanların öz bizneslərini qurmaq istədiklərini görürük. 

Belə şəxslərin böyük əksəriyyəti xeyli götür-qoy etdikdən sonra adətən kiçik market açmağa qərar verirlər. Hansısa məhəllədə bir market açaraq, öz bizneslərini qururlar. Əllərindəki bütün pulu da bu iş üçün xərcləyirlər. Lakin onların böyük bir hissəsi bu sahədə uğurlu ola bilmir. Nəticədə, market bağlanır, özü isə bankrot olur. 

Ümumiyyətlə, kiçik bir marketin açılması və uğurlu şəkildə fəaliyyət göstərməsi üçün nə etmək lazımdır? 

İqtisadçı ekspert Xalid Kərimli mövzu ilə əlaqədar Hit.az-a açıqlama verib. O bildirib ki, bu addımı atmaq istəyənlər ilk növbədə mütəxəssislərdən məsləhət almalıdırlar:

360353

"Düşünürəm ki, insan bilmədiyi işlə məşğul olmamaladır. Bu, çox vacib nüansdır. Lakin hər şeyə rəğmən bu biznesə başlamaq istəyirlərsə, həmin işlə məşğul olanlardan məlumat almalı, onların təcrübələrini öyrənməlidirlər".

Ekspert qeyd edib ki, biznesdə uğur qazanmaq üçün çox pul xərcləməkdən söhbət getmir:

"Biznesin özünün xüsusiyyətləri və tələbləri var. Məsələn, açılacaq marketin yerləşmə yeri, ətrafında başqa marketlərin olub-olmaması kimi faktorlara da diqqət etmək lazımdır. 

Digər marketlər nə təklif etdiyi, sizdəki qiymətlərin necə olacağı kimi fərqlər də həlledici olacaq. Elə etmək lazımdır ki, alıcılar super marketlərə deyil, sizin marketinizə gəlsin. Yəni bütün bunları düzgün hesablamaq lazımdır". 

Xalid Kərimli xatırladıb ki, əvvəllər kiçik məhəllə marketləri üstünlük təşkil edirdi:

"İndi isə böyük super marketlər onları sıxışdırıblar. Bu da kiçik mağazalar üçün ciddi problem yaradır. Yəni market açmaq istəyənlər bu çətinlikləri də bilməlidirlər. 

Ümumiyyətlə, dünyanın heç bir yerində asan, rahat biznes yoxdur. Hamı biznesdə uğur qazana bilməz. Uğursuzluğun olması da normaldır. Biznesdə gəlirin çox olması riskin də yüksək olması ilə bağlıdır. Əgər risk çox olmasaydı, hamı bizneslə məşğul olardı".

Pərviz

0