Türkiyə Rusiyaya idxala gizli məhdudiyyətlər qoyub

DÜNYA
13:33 / 23.10.2024
100

Türkiyə gömrüyü Amerika hərbi məhsullarının Rusiyaya ixracını əngəlləyib. 

HİT.az xəbər verir ki, bu barədə Britaniyanın Financial Times qəzeti məlumatlı mənbələrə istinadən yazıb.

Qəzetin yazdığına görə, Ankara bu qərarı Vaşinqtonun ticarətin dayanmayacağı təqdirdə nəticələri barədə xəbərdarlığından sonra verib.

Son bir neçə həftə ərzində Türkiyə ABŞ-ın Rusiya ordusu üçün kritik hesab etdiyi 40-dan çox kateqoriyalı malın Rusiyaya ixracını dayandırıb. Qəzetin həmsöhbəti belə məhsullar arasında raket və dronlarda istifadə oluna bilən mikroçiplərin, prosessorların və uzaqdan idarəetmə sistemlərinin adını çəkir.

Məhdudiyyətli mallar Qərb istehsalı olan 50 yüksək prioritet mallar siyahısında qeyd olunub. ABŞ, Aİ, Böyük Britaniya və Yaponiya bu cür idxal mallarını Rusiyanın hərbi sənayesi üçün əsas hesab edirlər.

Eyni zamanda, FT qeyd edir ki, Türkiyə yeni məhdudiyyətləri ictimaiyyətə açıqlamayıb. Bir mənbə iddia edir ki, siyasi həssaslıq səbəbindən ölkədən heç bir rəsmi açıqlama verilməyib. Türkiyənin Ticarət Nazirliyi qəzetin sorğusuna cavab verməyib.

2024-cü ilin əvvəlindən Türkiyə bankları ABŞ-ın ikinci dərəcəli sanksiyaları altına düşmək qorxusu ilə Rusiya bankları ilə işləməkdən imtina etməyə başlayıb. Sentyabrda TASS mənbəyə istinadən xəbər vermişdi ki, Rusiya ilə əməliyyatlar üçün Türkiyədə yalnız bir bank - Emlak Katılım qala bilər.

Samir

0