"Yaxın Şərqdəki savaşın arxasında nüfuz mübarizəsi yaşanır" - ŞƏRH

DÜNYA
11:56 / 25.10.2024
345

"İsrailin son addımlarının Yaxın Şərqdəki qarşıdurmanı daha da gərginləşdirəcəyini düşünürəm". 

Bu sözləri Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Hit.az-a açıqlamasında bildirib.

O qeyd edib ki, öncədən səsləndirilən proqnozlar özünü doğrultmadı:

"Bəzən İsrailin HƏMAS və "Hizbullah" kimi İranın proksi qüvvələrinin rəhbərlərini zərərsizləşdirdikdən sonra müharibənin səngiyəcəyi barədə fikirlər səsləndirilirdi. Hətta tərəflər arasında danışıqların başlayacağı belə iddia olunurdu. Lakin həm HƏMAS-ın, həm də "Hizbullah"ın liderlərinin öldürülməsi müharibəni dayandırmadı. Əksinə, Yaxın Şərqdəki qarşıdurmanın daha da gərginləşdiyini görürük".

360845

Onun sözlərinə görə, Yaxın Şərqdəki müharibə qısa zamanda başa çatmayacaq:

"Artıq İsrail ərazilərində belə partlayışların, yanğınların, ölümlərin şahidi oluruq. Ona görə də proseslərin qısa müddətdə həllini tapacağını düşünmürəm. Üstəlik, Yaxın Şərqdəki proseslər daha böyük güclərin marağında olan məsələlərdir. 

Ona görə də İsrail İranın prosesə qoşulmasına çalışır. Hətta Rusiya və Çinin də proseslərə qatılmalarını istəyirlər. Əslində, pərdəarxasında proseslərdə iştirak edirlər, amma real olaraq İran, Rusiya və Çin Yaxın Şərqdəki müharibəyə qoşulmayıblar".

Xəyal Bəşirovun fikrincə, hazırda super güclər arasında nüfuz savaşı yaşanır:

"Hesab edirəm ki, hazırda dünyada baş verən bütün müharibələr Rusiya, ABŞ, Böyük Britaniya və Çin arasında nüfuz uğrunda savaş yaşanır. Ona görə də yaxın zamanlarda daha da gərgin müharibələrin şahidi ola bilərik".

Pərviz

0