"Əgər Koreya Xalq Demokratik Respublikası (KXDR) öz hərbi qüvvələrini Rusiyaya göndərsəydi, bu, beynəlxalq hüquq normalarına uyğun olardı".
HİT.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) KXDR xarici işlər nazirinin müavini Kim Çenq-qyuya istinadən yazıb.
“Düşünürəm ki, dünya mediasının hay-küy saldığı hadisələr baş versəydi, bu, beynəlxalq hüquq normalarına uyğun olardı", deyə nazir müavini deyib.
Şimali Koreya xarici işlər nazirinin müavini deyib ki, buna baxmayaraq, təbii ki, belə bir hərəkəti qeyri-qanuni adlandıranlar olacaq.
Kim Çenq-qyu bildirib ki, dünya mediasında Şimali Koreya hərbçilərinin Rusiyaya göndərilməsi ilə bağlı versiyalar yayılır. O vurğulayıb ki, Xarici İşlər Nazirliyi Müdafiə Nazirliyinin işlərinə birbaşa aidiyyəti yoxdur və bu cür xəbərlərin ayrıca təsdiqlənməsini vacib hesab etmir.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Şimali Koreya hərbi qulluqçularının Rusiya Federasiyasına mümkün transferi ilə bağlı suala cavab olaraq bəyan etmişdi ki, KXDR və Rusiya arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş rəsmən ratifikasiya olunub.
Samir