Öcalanın çağırışı ilə Türkiyədə terror bitəcək? - ŞƏRH

DÜNYA
10:35 / 28.10.2024
230

"Türkiyənin kürd məsələsi çərçivəsində keçmişdə apardığı həll prosesi PKK ilə hökumət arasında zaman-zaman atəşkəs və müzakirə dövrlərinin yaşanmasına şərait yaratmışdı".

Bu sözləri Azərbaycan Yəhudi Media Mərkəzinin politoloqu Rüstəm Tağızadə Hit.az-a açıqlamasında deyib. 

Lakin o bildirib ki, bu proseslər müxtəlif səbəblərə görə uğursuz olub və qarşıdurmalar yenidən baş qaldırıb:

"PKK-nın açıqlamasında Abdullah Öcalan tərəfindən başlayacaq yeni bir prosesin əsas alınacağı vurğusu bir daha Türkiyədəki kürd hərəkatı daxilində Öcalanın təsirini ortaya qoya bilərdi. Ancaq 2024-cü ildəki siyasi proseslər başqa cürdür. 

Düşünürəm ki, indiki anda bu proseslər məhz İsrailin Livanda keçirdiyi hərbi əməliyyatlardan sonra başladı. TUSAŞ-a edilən terror hücumu nəticəsində Türkiyədə insanlar həlak oldu. Yaxın Şərqdə hal-hazırda İsrail və İran aktiv siyasət aparır".

361015

Ekspert qeyd edib ki, Türkiyə də Yaxın Şərqdə cərəyan edən proseslərdən kənar qalmaq istəmir:

"Ancaq 1980-ci illərdən PKK problemi yaşayan Türkiyənin tez bir zamanda bunu həll edəcəyi o qədər də asan deyil. Həmçinin, hal-hazırda Abdullah Öcalan bu prosesdə güclü siyasi fiqur kimi görünmür. Düşünürəm ki, Türkiyədə terrorun kökünü kəsmək üçün ilk növbədə Suriyada və İraqda olan terror təşkilatlarını maliyyələşdirən dövlətlər bu işdən əl çəkməlidir. Yəni Abdullah Öcalan ilə terrorun tam kökünü kəsmək mümkün deyil".

Rüstəm Tağızadə söyləyib ki, Türkiyə Suriyanın şimalında və İraqda olan kürd təşkilatları ilə mübarizə aparır:

"Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalının parlamentdə etdiyi çıxış hələ də gündəmdədir. Hətta Öcalanın PKK-nın tamamilə ləğv olunacağını və terrorçuları silahlarını atmağa çağıracağı deyilir. Buna baxmayaraq, Türkiyədə olan terrorçuların silahları yerə atıb təslim olması Suriya və İraqdakı terrorçuların da silahları atmasına səbəb olacağını düşünmürəm". 

Pərviz

0