Şimali Koreya da Rusiya-Ukrayna müharibəsinə qoşulur? - ŞƏRH

DÜNYA
10:08 / 01.11.2024
288

"Şimali Koreya Rusiyaya təlim adı altında 10-12 minlik hərbi kontingent göndərib. Üstəlik, bu məlumat artıq təsdiqlənib". 

Bu sözləri politoloq Turan Rzayev Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, əslində bu haqda xəbər təsdiqlənmədən də doğruluğu şübhə doğurmurdu:

"Çünki iki ölkə arasındakı əməkdaşlıq hərbi sahədə də davam edir. Düzdür, konkret müttəfiqlikdən söhbət gedə bilməz. Lakin Rusiya və Şimali Koreya arasında imzalanan müəyyən sazişlər əsasında bu yardım gerçəkləşib".

361322 

Ekspert Şimali Koreyanın Rusiya-Ukrayna müharibəsinə qatıldığı iddialarına da münasibət bildirib:

"Rusiya bu qüvvəni Ukrayna müharibəsinə cəlb etmədiyi təqdirdə, Şimali Koreyanın bu savaşa daxil olduğunu demək olmaz. Lakin bu qüvvələr Ukrayna ordusunun qarşısına çıxarsa, o zaman vəziyyət dəyişə bilər. Bu, faktiki olaraq müharibəyə ilk kənar qüvvənin rəsmi şəkildə qatılması, habelə Şimali Koreyanın Ukraynaya müharibə elanı deməkdir". 

Turan Rzayevin proqnozuna görə, Şimali Koreyadan fərqli olaraq Qərb ölkələri birbaşa prosesə daxil olmayacaq:

"Çünki bu artıq həm də NATO-Rusiya qarşıdurması ola bilər. ABŞ isə buna yol verməz. Rəsmi Vaşinqton düşünür ki, müharibə Kiyev ilə Moskva arasında olmalı və genişlənməlidir. Amma Rusiya tərəfdən müharibəyə yenə də kənar qüvvələr cəlb oluna bilər. Buna baxmayaraq, Qərb ölkələrindən bənzər bir təşəbbüs olacağını zənn etmirəm".

Pərviz

0