Paşinyanın reytinqi həqiqətən azalıb? - "Sorğular bir çox hallarda..."

DÜNYA
11:45 / 06.11.2024
891

Ermənistanda Baş nazir Nikol Paşinyanın reytinqi kəskin aşağı düşüb. 

Belə ki, “MPG/Gallup International Аssociation”in keçirdiyi son sorğuya əsasən, ermənilərin təxminən 60%-i Paşinyanın işini bəyənmir. Vətəndaşların yarıdan çoxu həmçinin prezidentin, hökumətin və parlamentin işini mənfi qiymətləndirib. 

Bəs belə olan halda, növbəti seçkilərdə Paşinyanın qalib gəlmək şansının azaldığını deyə bilərik? 

Politoloq Rəşad Bayramov mövzu ilə bağlı Hit.az-a açıqlama verib. O bildirib ki, sözügedən sorğunun reallığı əks etdirdiyi sual altındadır:

361637

"Çünki Ermənistanda müxtəlif təşkilatların keçirdiyi sorğularla rastlaşırıq. Hakimiyyətə yaxın olan təşkilatların keçirdiyi sorğularda Nikol Paşinyanın reytinqi 60 faizə yaxın olur. Lakin müxalifətə yaxınlığı ilə bilinən şirkətlərin keçirdiyi sorğularda isə Paşinyanın nüfuzunun aşağı düşməsi ilə bağlı nəticələr açıqlanır. Yəni sorğular bir çox hallarda reallığı əks etdirmir". 

Ekspert qeyd edib ki, əslində seçkilərə və seçicilərin rəyinə təsir edən əsas məqam həmin dövrdə siyasi partiyanın və ya namizədin atdığı addımlarla müəyyənləşir:

"Yəni bu gün Paşinyanın reytinqi aşağı olsa belə, seçki kampaniyası dövründə elə fəaliyyət göstərə bilər ki, seçicilərin rəğbətini qazana bilər. Təbii ki, əksinin də baş verməsi mümkündür. 

Ümumiyyətlə, Ermənistanda parlament seçkilərinin keçirilməsinə hələ çox var. Əlbəttə ki, seçki ərəfəsində hakimiyyətin atacağı addımlar onların iqtidarda qalıb-qalmayacağını müəyyən edəcək. İndidən seçki ilə bağlı proqnoz vermək üçün olduqca tezdir". 

Pərviz

0