Psixoloq: "Əvvəlki kimi sağlam dostluqlar qurulmur"

SAĞLAMLIQ
13:19 / 07.11.2024
615

"Təəssüflər olsun ki, indiki dövrdə bir çox münasibətlər sağlam şəkildə qurulmur. Hətta dostluq münasibətləri də buna daxildir".

Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, indiki dövrdə yaxşı dostluqlar çətin qurulur:

"Ona görə yaxşı dostluq qurduğumuz şəxsi özümüzdən uzaqlaşdırmamalıyıq. Hər zaman güvənə biləcəyimiz, yanında özümüzü yaxşı hiss edəcəyimiz, olduğumuz kimi olduğumuz dostun yanımızda olması xoşbəxtlik deməkdir. Əvvəlki dövrlərdə dostluqlar daha sağlam şəkildə qurulurdu. Hətta ətrafımızda tez-tez uşaqlıqdan başlayan dostluqlara rast gəlirdik. Hansı ki, həmin dostluqlarda heç bir pis niyyət olmurdu".

361764

Psixoloqun sözlərinə görə, indi daha çox pul və ya başqa məqsədlər üçün dostluqlar qurulur:

"Bəzi insanlar guya yaxşı niyyətlə qurduqları dostluqlar sayəsində qarşısındakı insandan istifadə etməyə başlayırlar. Bu, hər zaman olub, bundan sonra da olacaq. Ancaq indiki dövrdə şəxsin insanlığına deyil, onun ad-sanına baxıb dostluq edirlər. Yəni kimin pulu və ya nüfuzu varsa, ona yaxınlaşmağa çalışırlar. Lakin həmin insanın sadəcə bir müddət yanlarında olacağını düşünmürlər".

Həmsöhbətimiz vurğulayıb ki, həqiqi dostluq puldan, əylənməkdən ibarət deyil:

"Həqiqi dostluq ruhun, güvənin bağlılığıdır. Ümumiyyətlə, dostluq içərisində pul, şan-şöhrət çox əhəmiyyətsiz şeylərdir. Dostluqda ən vacib məsələ güvən, hörmətdir və anlayışdır. Əsl dostluq onun xoş gününə sevinib, pis gününə məyus olmaqdır. Dostluq sadəcə pul olanda yanında olmaq demək deyil. 

Ancaq təəssüf ki, indiki dostluqların əksəriyyəti pul üzərində qurulur. Üstəlik, bir çox hallarda işlər yaxşı getməyəndə dost sanılan adamlar insanı yarı yolda qoyur. Əfsuslar olsun ki, indiki dövrdə bəzi insanlar qarşı tərəfdən necəsə istifadə etməyə çalışırlar. Ona görə də hər kəsə güvənib, yaxın dostluq münasibəti qurmaq məsləhət deyil. Ən güvəndiklərinizin qədrini bilin və sıradan dostluqlara o şəxsi dəyişməyin".

Pərviz

1