Elmar Məmmədyarovun 95 yaşlı atası 51 ildir bu vəzifədə işləyir - FOTOFAKT

ÖLKƏ
22:02 / 28.05.2020
2961

Xəbər verdiyimiz kimi, Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun oğlu Emin Məmmədyarovun adına ABŞ-ın Nyu-York şəhərində “Riverside Boulevard” 120 ünvanında 2 mənzil alınıb.

Yeniavaz.com xəbər verir ki, Nyu-York Vergi Departamentindən verilən məlumatda mənzillərin 2015-ci il iyun-iyul aylarında 4,2 milyon dollara alındığı bildirilib.

Qeyd edək ki, yayılan bu məlumat ölkə mətbuatının diqqətini XİN başçısı Elmar Məmmədyarova çevirib. 16 ildən çoxdur yüksək vəzifə daşıyan XİN başçısı Elmar Məmmədyarov Azərbaycanın tanınmış 2 ailəsinin övladıdır. Elmar Məmmədyarovun 95 yaşlı atası Məhərrəm Məmmədyarov hal-hazırda Y.H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda sintetik yağların sintez və texnologiyaları laboratoriyasının rəhbəri işləyir. Qeyd edək ki, Məhərrəm Məmmədyarov bu vəzifədə 51 ildir çalışır. Məhərrəm Məmmədyarovun anası Cəvahir xanım Naxçıvanın məşhur ailələrindən olan Kəlbalıxanovlardandır.

Elmar Məmmədyarovun anası İzida İbrahimbəyova isə Şamaxının məşhur ailələrindən olan İbrahimbəyovlardandır. Elmar Məmmədyarovun ana babası Fuad İbrahimbəyov Azərbaycanda eksperimental psixologiyanın əsasını qoyan tanınmış psixoloqdur. Fuad İbrahimbəyov qardaşı isə Respublika Coğrafiya Cəmiyyətinin üzvü, coğrafiya elmləri doktoru Məmmədibrahim İbrahimbəyovdur. Məmmədibrahim İbrahimbəyovun övladları isə tanınmış yazıçı, nasir, dramaturq, ssenarist, prodüser və kinorejissor Rüstəm İbrahimbəyov və Maqsud İbrahimbəyov qardaşlarıdır.

A. Cəfərov

0