“İki hərbi hissəmiz qısa müddətdə 7 rayonu işğaldan azad edə bilər” - Ekspert

ÖLKƏ
17:23 / 28.05.2020
1785

“Azərbaycan Ordusu Qarabağda əməliyyat keçirməlidir. Bunun başqa yolu yoxdur”.

Bunu Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli “Müsavat.com”un “Canlı debat” verilişində deyib.

O qeyd edib ki, 2016-ci ilin aprel ayında Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini, mülki əhalini atəş açıb, buna cavab olaraq Azərbaycan Ordudu təmas xəttində əməliyyat keçirib: “Əgər digər qüvvələr mane olmasaydı Azərbaycan 1 həftəyə-10 günə Ermənistanı sərt formada cəzalandıracaqdı, rəsmi Yerevanı işğalçılıq siyasətindən əl çəkməyə vadar edəcəkdi”.

Hərbi ekspert vurğulayıb ki, beynəlxalq güclər, ATƏT-in Minsk qrupunun həmsədrləri işğalçı Ermənistanla bağlı heç bir ölüçü götürmürlər: “Mən bu ölçünü götürəcək bircə güc, qüvvə tanıyıram, o da Azərbaycan əsgəridir. Ermənilər iki əsrdir, xüsusən də son 100 ildə ağır bir xəstəliyə yoluxublar. Onların beynində dənizdən-dənizə “böyük Ermənistan” yaratmaq kimi xəstə bir ideya var, xəstələniblər, türkə qarşı nifrət ruhunda böyüyüblər. Bunun müalicə olunmasının bircə yolu var, o da Azərbaycan ordusunun qılıncından keçir. Onlar başqa cür müalicə olunmayacaqlar”.

E.Həsənli deyib ki, Azərbaycan Ordusunun, yaxud da Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının, Dövlət Sərhəd Xidmətinin iki hərbi hissəsinin gücü ilə Dağlıq Qarabağ ətrafında yerləşən 7 rayonu qısa müddətdə erməni işğalından azad etmək mümkündür: “Silahlı Qüvvələrimizin iki hərbi hissəsi Ağdam, Füzuli, Qubadlı, Zəngilan, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarını qısa müttədə işğaldan azad edə bilər. Həmin iki hərbi hissənin keçirəcəyi antiterror əməliyyatları ilə o əraziləri düşməndən təmizləmək tam real varinatdır. Əlavə qüvvəyə heç bir ehtiyac yoxdur. Dağlıq Qarabağ da daxil olmaqla o torpaqlar birbaşa Azərbaycanın ərazisidir. Əgər Dağlıq Qarabağda yaşayan erməni vətəndaşlar Azərbaycan konstitusiyasına tabe olacaqlarsa, orada qalıb yaşayacaqlar, Yox tabe olmayacaqlarsa və müstəqil dövlət istəyirlərsə 30-40 km o tərəfə gedəcəklər. Vaxtilə Azərbaycan ərazisində Ermənistan adlı ölkə yaradıblar. Çıxıb gedib orda yaşamalıdırlar. Bunun başqa yolu yoxdur”.

Onun fikrincə, Azərbaycan Ordusu 2016-cı ildə həm ermənilərə, həm də bütün dünyaya gücünü göstərib: “Biz hamımız bilirik ki, 2016-cı ilə qədər kimlərsə ordumuzun döyüş hazırlığına şübhə ilə yanaşırdılar. Deyirdilər ki, həqiqətənmi belə güclü ordumuz var ki, işğal altında olan torpaqlarımızı 10-15 günə ermənilərdən azad edə bilək. Amma 2016-cı ilin Aprel döyüşlərində bunu bütün Azərbaycan xalqı gördü. Artıq siyasi mənsubiyyətindən asılı olmayaraq dünyanın istənilən hərbi ekspertləri, hətta Ermənistanın hərbi ekspertləri, ehtiyatda olan generalları etiraf etdilər ki, Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrindən dəfələrlə güclüdür. Tarix boyu bizə heç kim dəstək olmayıb, indi güclü ordumuz var. Biz bu məsələni də ordumuzun gücünə həll edəcəyik”. 

E.Həsənli deyib ki, ermənilər hələ də Aprel döyüşlərini unuda, həmin vaxt aldıqları zərbədən özlərinə gələ bilmirlər:  “Mən Aprel döyüşlərini elə-belə vurğulamıram. Ermənilərin bəziləri 2016-cı ili unuda bilər. Hətta həmin hadisələrin bir il, il yarım xidmət edən əsgərin yaddaşından silinməsi də mümkündür. Amma Aprel döyüşləri Ermənistan ordusunun zabitinin, gizirinin yadından çıxmayacaq. Onlar Aprel döyüşlərinin psixoloji gərginliyindən çıxa bilmirlər. Onlara nağıl danışmışdılar ki, biz güclü orduyuq, bizim ən böyük sərkərdəmiz Ohanyandır və onun keçilməz səddi var və s. Bu səddi Azərbaycan Ordusu 40 dəqiqəyə dağıtdı. Ermənistan zabiti, giziri gördü ki, Azərbaycan zabiti ondan 10 dəfə güclüdür. İndi o, daxilən sınıb, əsgərinə “biz güclüyük qalib gələcəyik” deyə bilmir. Xof var onun canında. 2016-cı ilə qədər elə bilirdilər ki, orda rahat oturacaqlar, amma Aprel döyüşlərində gördülər ki bu, belə olmayacaq”.

Ekspert xatırladıb ki, Azərbaycan Ordusu il ərzində mütəmadi qaydada hərbi təlimlər keçirir: “Ordumuz mayın 18-dən 22-dək genişmiqyaslı təlimlər keçirdi. Zaman bizi Qarabağdan uzaqlaşdırmır. Ötən zaman bizim müstəqilliyimizi, ordumuzu gücləndirir, Qarabağımıza yaxınlaşdırır”. 

1