AQC sədrinin fəaliyyəti beynəlxalq qiymətləndirmə təşkilatları tərəfindən yüksək qiymətləndirilib

İQTİSADİYYAT
16:59 / 29.11.2024
431

Beynəlxalq qiymətləndirici birliklər Vüqar Oruca Qiymətləndiricilər Palatasının sədri vəzifəsinə seçkilərdə dəstək ifadə ediblər.

Beynəlxalq qiymətləndirmə təşkilatlarının rəhbərləri Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndirmə Birlikləri Şurasının (CAATS) prezidenti Vüqar Oruca qiymətləndirmə sahəsindəki fəaliyyətlərinə görə təşəkkür məktubları göndərib.
 
Türkiyə Qiymətləndirmə Mütəxəssisləri Birliyinin sədri Yaşar Bahçeci , Belarus Qiymətləndirmə Təşkilatları Assosiasiyasının sədri Svetlana Yurenya, Şimali Kipr Daşınmaz Əmlak Qiymətləndirmə Mütəxəssisləri Birliyinin başqanı Kutay Ramiz tərəfindən göndərilən məktublarda Vüqar Oruca Azərbaycan Qiymətləndiricilər Palatasına seçkilərdə dəstək ifadə olunub.
 
Türkiyə Qiymətləndirmə Mütəxəssisləri Birliyinin sədri Yaşar Bahçeci öz məktubunda Vüqar Oruc tərəfindən türk dövlətləri arasında əlaqələrin dərinləşməsinə və çox tərəfli əməkdaşlığın gücləndirilməsinə verlən töhfələri təqdir etdiyini bildirib. O, qeyd edib ki, Vüqar Orucun liderliyi ilə türk dövlətləri arasında güclü bir əməkdaşlıq mədəniyyəti formalaşdırılmış, qiymətləndirmə və oxşar sahələrdə mütəxəssislərin ortaq bir platformada bir araya toplanması təmin edilib.
 
“Qiymətləndirmə fəaliyyətləri ilə yanaşı, türk dövlətləri arasında çoxşaxəli əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində göstərdiyiniz səylər təkcə türk dünyasında deyil, beynəlxalq arenada da səmərəli əməkdaşlıq modelinin yaranmasına töhfə verib. Beynəlxalq əməkdaşlıq üçün atdığınız addımlar Türk dövlətlərinin qlobal miqyasda daha güclü mövqe qazanmasına kömək edib. Siz türk dünyasında qiymətləndirmə sahəsində əməkdaşlığı inkişaf etdirərək türk dövlətlərinin iqtisadi inkişafına mühüm töhfə verirsiniz. Göstərdiyiniz vizyon və qətiyyət CAATS-in beynəlxalq nüfuzunu gücləndirib və qiymətləndirmə mütəxəssislərinin daha səmərəli bir şəkildə əməkdaşlıq etmələrinə şərait yaradıb”, - deyə Y.Bahceci əlavə edib.
 
Belarus Qiymətləndirmə Təşkilatları Assosiasiyasının sədri Svetlana Yurenya qeyd edib ki, Vüqar Orucun rəhbərliyi ilə təşkil edilən beynəlxalq tədbirlər Belarus və Azərbaycan Respublikaları qiymətləndiriciləri arasında dostluq münasibətlərinin qurulmasına şərait yaratmışdır. Bu isə ölkələr arasında iqtisadi və sosial sahələrdə ikitərəfli əməkdaşlığın inkişafına böyük töhfə vermişdir.
 
“Sizin fəaliyyətiniz Azərbaycan Respublikasında qiymətləndirmə sahəsinin inkişafında əhəmiyyətli rol oynayır. Sizin rəhbərliyiniz sayəsində Azərbaycan qiymətləndiriciləri haqqında məlumat təkcə Belarusda deyil, həmçinin Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Rusiya Federasiyası, Türkiyə və Özbəkistanda da yayılmışdır”, - deyə məktubda bildirilib.
 
Şimali Kipr Daşınmaz Əmlak Qiymətləndirmə Mütəxəssisləri Birliyinin başqanı Kutay Ramiz da Vüqar Oruc tərəfindən CAATS-ın qurulması, türk dövlətlərinin qiymətləndirmə sahəsində birgə fəaliyyət göstərməsi istiqamətində atılan addımları yüksək qiymətləndirdiyini ifadə edib.
 
“Sizin liderliyinizlə türk dövlətləri arasında peşəkar fəaliyyətlər baxımından əməkdaşlığın daha da artacağına tam bir inancımız var. Eyni zamanda Azərbaycanda qiymətləndirmə peşəsinin qanuni olaraq da layiq olduğu yeri tapması üçün öz fəaliyyətinizi ortaya qoyduğunuzu bilirik və qısa müddətdə Azərbaycan Qiymətləndiricilər Palatasının qurulacağını məmnunluqla qarşılayırıq. İstər türk dövlətlərinin peşəkar birlikləri arasında əlaqələrin inkişaf etdirilməsi, istərsə də Azərbaycanda daşınmaz əmlakın qiymətləndirilməsi sahəsinin inkişafı üçün həyata keçirdiyiniz fəaliyyətlər səbəbilə Sizə təbrik və təşəkkürlərimizi çatdırır, həyata keçirəcəyiniz gələcək fəaliyyətlərinizdə uğurlar diləyirik”, -deyə K.Ramiz qeyd edib. 
 
Qeyd edək ki, Vüqar Oruc 2022-ci ilin may ayından Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, bu ilin may ayından isə Türk Dövlətləri Qiymətləndirmə Birlikləri Şurasının (CAATS) prezidentidir. 30 noyabr tarixində keçiriləcək Azərbaycan Qiymətləndiricilər Palatasının təsis toplantısında rəhbəri olduğu qurum tərəfindən Vüqar Orucun palatanın sədri vəzifəsinə namizədliyi irəli sürülüb.

0